Azərbaycan ictimaiyyətinə ağır itki üz verib.  Xəbər verdiyimiz kimi, Türkiyənin İstanbul şəhərində müalicə olunan energetika naziri Natiq Əliyev bu gün dünyasını dəyişib. “Qafqazinfo” nazirin qısa bioqrafiyasını təqdim edir:

“Natiq Əliyev 1947-ci il noyabrın 23-də Bakı şəhərində anadan olub.1965-ci ildə orta məktəbi, 1970-ci ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunu dağ mühəndis-geoloqu ixtisası üzrə bitirib.

İnstitutu bitirdikdən sonra “Xəzərdənizneftqazsənaye” Ümumittifaq İstehsalat Birliyinin “Azdənizneftkəşfiyyat” trestində, Kompleks dəniz geoloji-kəşfiyyat kontorunda işləyib. 1971-ci ildən Azərbaycan Elmlər Akademiyasının Geologiya İnstitutunun aspiranturasında təhsil alıb, 1974-cü ildən geologiya-mineralogiya elmləri namizədidir, böyük elmi işçi vəzifəsində işləyib.

1979-cu ildə “Xəzərdənizneftqazsənaye” Ümumittifaq İstehsalat Birliyinin Kompleks dəniz geoloji-kəşfiyyat kontorunda geologiya şöbəsinin rəisi vəzifəsinə təyin olunub. 1984-cü ildən Azərbaycan Respublikası Kommunist Partiyası Mərkəzi Komitəsinin aparatında neft və kimya şöbəsində təlimatçı, sonra isə sosial-iqtisadi inkişaf şöbəsinin bölmə müdiri vəzifələrində işləyib.

1993-cü ildən 2005-ci ilə qədər Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Prezidenti və Direktorlar Şurasının sədri, 1994-cü ildən Azəri-Çıraq-Günəşli yataqlarının işlənməsi üzrə layihənin Rəhbər Komitəsinin sədri, 2002-ci ildən Bakı-Tbilisi-Ceyhan Şirkətinin (BTC Ko) Direktorlar Şurasının sədri olub. Azərbaycan Respublikası Prezidentinin 22 oktyabr 2013-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Energetika naziri vəzifəsinə təyin olunub.

100-dən artıq elmi işi, məqaləsi, kitabı dərc edilib. Beynəlxalq Şərq Neft Akademiyasının akademiki, 2008-ci ildən iqtisad elmləri doktorudur. 2008-ci ildə Beynəlxalq Mühəndislik Akademiyasının (Rusiya Federasiyası, Moskva) müxbir üzvü seçilib.

Neft sənayesinin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası “Şöhrət” ordeni, Azərbaycan Respublikasının “Əməkdar mühəndisi” fəxri adı, Gürcüstanın “Şərəf” ordeni, Fransanın “Milli Fəxri Legion” ordeni, Polşanın “Böyük Komandor Xaçı” Ordeni, Beynəlxalq Akademiyaların orden və medalları ilə təltif olunmuşdur.
Ailəlidir, bir oğlu var.

Qeyd edək ki, Natiq Əliyev Azərbaycanda uzun illərdir yüksək vəzifə tutan dövlət məmuru olmağına baxmayaraq, adı heç zaman qruplaşmalarda, müəyyən biznes monopoliyalarında və digər qalmaqallarda hallanmayıb.O, dövlətin ən sabit və etibarlı məmurlarından biri hesab olunub.

Allah rəhmət eləsin!