İŞİD qruplaşmasının üzvləri qaçqın kimi Avropa ölkələrində sığınacaq alır.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Suriya və İraqda sarsıdıcı məğlubiyyətlərə uğrayan İŞİD öz üzvlərinin bir hissəsini gəldikləri ölkələrə geri dönməsinə və orada terror şəbəkəsi qurmaqda maraqlıdır.

Bunun üçün Raqqa və Mosuldan qaçan terrorçular Türkiyə ərazisinə keçirlər. Türkiyədə uzun illərdir ki, fəaliyyət göstərən insan qaçaqmalçıları ilə işbirliyinə girən terrorçular dəniz yolu ilə Yunanıstana yaxud quru yolla Bolqarıstan ərazisinə gətirilirlər. Burada isə mütəşəkkil dəstə üzvləri tərəfindən Avropa Birliyinin istənilən ölkəsinin yüksək keyfiyyətə malik saxta pasportu ilə təmin olunurlar.

Avropaya aclıqdan müharibədən və siyasi səbəblərdən qaçanların sayı çox olduğu üçün İŞİD-in keçmiş döyüşçüləri öz qanlı keçmişlərinin asanlıqla gizlədir və müxtəlif ölkələrdə terror şəbəkəsi yaradırlar.

Təsadüfi deyil ki, 2015-2017-ci illərdə Fransada, Belçikada, Almaniyada və Böyük Britaniyada törədilən silsilə terror aktlarının hamısında əsas təşkilatçı və icraçılar Suriyada İŞİD sıralarında vuruşaraq yenidən vətəndaşı olduqları Avropa ölkələrinə dönən terrorçulardan ibarət idi.

Təkcə Almaniya kəşfiyyatı ölkədə 200-dən artıq İŞİD fəalının olduğunu və onların hər an terror planlaşdırmasında iştirak edə biləcəyini ehtimal edir.

Təsadüfi deyil ki, 2016-cı ilin aprelində Türkiyə polisi İzmirdə 2 İŞİD üzvünü həbs etmişdi. Onların üzərindən Avropa Birliyinin 150 pasportu tapılmışdı.

Avropol-un məlumatına görə hazırda Avropada İŞİD-in 20-yə qədər “yatmış hücrə”si var və onlar istənilən məqamda rezonanslı terror aktları törədə bilərlər. Paralel olaraq, İŞİD üzvü və təşkilatın təssübünü çəkən 800-dən artıq insan “qoca qitə”nin müxtəlif ölkələrində qərarlaşıb.

Ekspertlərin fikrincə, hazırkı situasiyada yaxın aylarda Avropada terror aktlarının baş verməsi ehtimalı həddən artıq yüksəkdir.