“Təəssüf ki, hazırda allergik xəstələrin sayı ilbəil durmadan artır. Əhalinin 30%-i allergiyalardan əziyyət çəkir. Statistika göstərir ki, allergik reaksiyalar daha çox inkişaf etmiş ölkələrdə geniş vüsət alıb. Azərbaycan da artıq bu ölkələr sırasına daxil olmaqdadır”.

AzEuroNews.com – un  məlumatına görə, bunu APA TV-nin “Öncə sağlıq” proqramında allerqoloq-pulmonoloq Kərimə Abdullayeva deyib.

Mütəxəssis bildirib ki, allergiyalar xronik xəstəlikdir, onun simptomlarının üzə çıxması üçün ətraf mühit amillərinin təsiri böyükdür: “Belə ki, orqanizmin fizioloji vəziyyətindən, ətraf mühitdə olan mövsüm dəyişikliklərindən, qəbul edilən dərman preparatlarından, qidalardan, insanın yaşadığı iqlimdən asılı olaraq, allergik reaksiyalar təzahür edə bilər. Allergenlər immun sisteminə təsir edərək, orqanizmdə ona qarşı əks cisimlər, antigenlər əmələ gətirir, bu hal allergik reaksiya adlanır. Allergik reaksiyalar immun sisteminin aktivləşməsi ilə təzahür edən reaksiyalardır. Allergik reaksiyaların sürətlə artması ətraf mühitdə gedən bir sıra dəyişikliklərin nəticəsi olaraq üzə çıxır, digər tərəfdən isə qida rasionumuza daxil olmuş bir sıra qidaların, qida əlavələrinin təsiri nəticəsində, sürətlə inkişaf edən təbabətdə istehsal olunan dərman preparatlarından bəzən uyğunsuz istifadə olunması ilə bağlı ortaya çıxır”.

Həkim qeyd edib ki, allergenlər orqanizmə müxtəlif yollarla daxil olur. Bu sırada tənəffüs allergenleri, qida allergenləri, dəri allergenləri, kimyəvi maddələrdən, dərman preparatlarından, istehsalatda istifadə olunan kimyəvi maddələrdən əmələ gəlmiş kontakt allergenlərini qeyd edən mütəxəssis bildirib ki, allergenlər hansı yolla orqanizmə təmas etməsindən, hansı orqanda simptomlar əmələ gəlməsindən asılı olaraq, müxtəlif klinik təzahürlər şəklində özünü büruzə verir: “Allergenlər orqanizmə tənəffüs yolları ilə daxil olursa, o zaman daha çox tənəffüs simptomları özünü büruzə verər: burunda qaşınma, sulanma, ağır nəfəs alma, təngnəfəslik, öskürək, boğulma yaranır. Əgər dəri vasitəsilə kontakt allergiyaları yaranarsa, o zaman dəridə səpgilər şəklində büruzə verir. Adətən yaz fəslində daha çox fəsli allergik reaksiyalarla rast gəlinir. Müxtəlif bitkilərin tozlanması zamanı onların tozcuqlarına qarşı olan allergik reaksiyalar üstünlük təşkil edir. Bu sırada tənəffüs allergiyaları geniş yayılıb. Belə ki, bu halda gözlərdə, burunda qaşınma, sulanma, qulaqda dolğunluq hissi, çoxsaylı asqırmalar, burun tutulmaları, bəzən əsnəkdə, boğazda qaşınma simptomları yaranır”.

Onun sözlərinə görə, allergiya bir az irəliləyərsə, aşağı tənəffüs orqanlarına qədər sirayət edərsə, tənəffüs yollarında klinik simptomlar yaranar, bronxial astmaya qədər inkişaf edə bilər.