Beynəlxalq Müsəlman Birliyinin rəhbəri Mustafa Rəşid hər zaman verdiyi fətvalarla gündəm olmağı bacarır. Çıxışlarının birində müfti “Bir müsəlman sərxoş olmadıqca alkoqol istifadə edə bilər” deyib.

“A24.az” deyilənlərin İslama nə dərəcədə uyğun gəlib-gəlmədiyini, bir din aliminin bu fikirləri sərbəst şəkildə müsəlmanlara elan etməkdə nə demək istədiyini, İslamda içkiyə göstərilən münasibətin necə olduğunu aydınlaşdırmaq üçün ilahiyyatçı Ceyhun Şükürovla əlaqə saxlayıb. Alimin fikirlərinə gülümsəyən ilahiyyatçı alkoqollu içkinin Allah tərəfindən birdən-birə qadağan olunmadığını söylədi:

“Başdan ayağa Qurani-Kərimə fikir versək, Allahın bizdən tələb etdiyi ayələrin axışına, onun gözəl səbəblərinə baxsaq, görərik ki, həmin o ilahiyyatçımı, alimmi deyim, onun verdiyi fətvalar tamamilə yanlış fətvalardır. Şərab və ya spritli içki barədə, Allah-Tala bugünkü gündə cəmiyyətimizin qanına işləyən şərabı birdən –birə qadağan etmədi. İçki haqqında soruşduqda, deyir onun ziyanı da var, faydası da, amma ziyanı daha çoxdur. Müəyyən bir müddət alışdıqdan sonra buyurur ki, namaza sərxoş halda yanaşmayın. Artıq o vaxtkı cəmiyyətdə müsəlmanlar 5 vaxt namaz qılanda sərxoş halda namaza yaxınlaşmırdılar. Artıq Quranın prinsipləri əsasında insanlar özlərini tərbiyyələndirməyə başladı. Və insanlar tam formalaşandan sonra sübh, günorta və axşam namazlarına sərxoş gəlmirdilər. Beləliklə, işçililərin sayı azalmağa başalyırdı. Müəyyən müddətdən sonra Maidə surəsində artıq o içkinin, qumarın şeytan əməli olduğunu, bunlardan uzaq olun bəlkə siz də nicat tapasınız deyə ayə gəlir. Amma hansısa ilahiyyatçının sonradan çıxıb Allahın haram buyurduğuna qarşı müxalif fikirlər yürütməsi, fətvalar verməsi, şübhəsiz ki, düzgün deyil və qəbul olunmayacaq”.