Göygöl sakini həmkəndlisinin evini qarət edib. AzEuroNews.com-un məlumatına görə,     oğurladığı əşyaları Gəncə şəhərində dəyər-dəyməzinə satan şəxs əldə etdiyi pulu kef məclislərinə xərcləyib, ancaq bu kefin müddəti o qədər də uzun sürməyib. Göygöl polisi “qəhrəmanın” əhvalına əməllicə soğan doğrayıb.

Göygölün  Üçtəpə kənd sakini Fəridə Ələsgərova bu ilin fevral ayında rayon polis şöbəsinə müraciət edərək, ona məxsus fərdi yaşayış evinin qarət edildiyini bildirib. Evdə oğurluq zamanı heç kim olmayıb. Zərərçəkənin müraciəti əsasında polis əməkdaşları əməliyyat-axtarış tədbirlərinə başlayıblar. Çox keçməyib ki, axtarışlar öz bəhrəsini verib və şübhəli qismində zərərçəkənin həmkəndlisi, 47 yaşlı İttifaq İsmayılov saxlanılıb.

İttifaq İsmayılov istintaqa verdiyi ifadə zamanı evdən 1650 manatlıq əşyaları sərxoş halda oğurladığını bildirib. Saxlanılan şəxs gec də olsa, ev sahibindən üzr istəməyi özünə borc bilib: “Çox-çox peşmanam. Ailəmin yanında utanıram. Ev sahibindən də dəfələrlə üzr istəyirəm. Kəndə də çıxa bilmirəm”.

Günahı tam sübuta yetirilərsə, bu, İttifaq İsmayılovun ikinci məhkumluğu olacaq. Hazırda fakt üzrə istintaq araşdırmaları davam etdirilir.

0ea1edd5-39b8-4d6a-9fa8-44bbe29b13fb 321aada3-865e-4645-8887-dd61252aa315