Son günlər Almaniyadan sığınacaq tələb edən həmvətənlərimiz bu ölkədə xoşagəlməz münasibətlə üzləşiblər. AzEuroNews.com-un məlumatına görə, sığınacaq tələbi rədd edilən, eyni zamanda “Dublin sazişi”nə görə problemlər yaşayan həmvətələrimizin Almaniyadan deportasiyası sürətləndirilib.

QHT sektorunda çalışanlar, müxalifət partiyalarının fəalları, və bəzi jurnalistlər…

Siyasi mühacirlər (o cümlədən qaçqınlar) məsələsi Avropanın ən ciddi problemlərindən birinə çevrilib. Bu problemdə Azərbaycanın da kiçik “payı” var. Azərbaycandan mühacir axını 2003-cü ildən vüsət alıb və bu proses 2005-ci ilin sonunadək davam edib.

Bundan sonra siyasi mühacir axınında nisbətən stabillik yaranıb. Amma 2014-cü ildən Avropaya axın statistikası yenidən artıb. Xüsusilə Azərbaycanda QHT sektorunda həbslərdən sonra mühacir statusu üçün müraciət edənlərin sayında kəskin artım baş verib. Onlar əsasən Gürcüstan və Türkiyədən keçməklə Avropaya üz tutmağa daha çox üstünlük veriblər. Azərbaycanı son aylar tərk edərək Avropada mühacir statusu alan və ya almaq istəyənlərin əksəriyyəti QHT sektorunda çalışanlar, müxalifət partiyalarının fəalları, onların ailə üzvləri və bəzi jurnalistlərdir.

Bir çox tanınmış və ölkənin ictimai həyatında fəal iştirak edən QHT rəhbərləri və jurnalistlər son aylar Avropanın müxtəlif ölkələrinə sığınıblar. Yeri gəlmişkən, bu dalğada Azərbaycanda hətta heç bir təhlükə obyekti olmayanlar da ölkədən çıxmağa başladılar.

“Dublin sazişi” ölkələri Azərbaycandakı siyasi mühacir axınından narahatdırlar və xüsusilə “yalançı mühacirlərin” qarşısını almaq üçün addım atmağa məcbur olublar. Məlumat üçün deyək ki, “Dublin sazışı” siyasi sığınacaq üçün müraciət edən şəxslərin ərizələrinin bu sazişə daxil olan ölkələrdən biri tərəfindən nəzərdən keçirilməsini təmin edir. Sazişin başlıca məqsədi Avropa İttifaqı ölkələrində hər hansı birində qaçqın statusu üçün müraciət etmiş şəxsin müraciətinə baxılmalı olan ölkənin, üzv ölkələrdə ərizəyə vahid qaydada baxılmasının, ölkələr arasında məlumat mübadiləsinin daha effektli aparılmasının, sığınacaq axtaran şəxslərin hüquq və azadlıqlarının qorunmasının, eyni zamanda qanunsuz miqrasiyaya qarşı daha effektli mübarizənin təmin etməyə nail olmaqdan ibarətdir.

Deport
Azərbaycanlıların deportu

Azərbaycanlıların sürətlə deportuna başlanıldı

Almaniyada keçirilən seçkilərdə  Angela Merkelin partiyası CDU-nun (Xristian Demokrat İttifaqı) seçkini qazanmasının ardından federal hökumət mühacirlərlə bağlı mövqeyini bir qədər sərtləşdirib. Belə ki, Almaniyada yaşamaq və işləməklə bağlı müraciət edən həmvətənlərimiz “neqativ” cavabı alıblar. Vəziyyət o həddə çatıb ki, sığınacaq istəyi rədd olunan soydaşlarımız qərardan məhkəməyə müraciət etmədən deport olunublar.

Qeyd edək ki, azərbaycanlıların ən çox məskunlaşdığı bölgə olan Şimali Reyn-Vestfaliyada  seçkini CDU udub.  Bu partiya AfD kimi Almaniyanın miqrasiyya və qaçqın siyasətinə qarşı sərgilədiyi radikal mövqe ilə tanınır. Partiyada bu mövzuda yumşaq mövqe sərgiləyən yeganə insan-Angela Merkeldir.

Eyni zamanda nəzərinizə çatdıraq ki, son aylar Almaniyaya sığınacaq üçün müraciət edənlərin sayında rekord azalma qeydə alınıb. Bu barədə Almaniya Miqrasiya və Qaçqınlar üzrə Federal İdarədən (BAMF) verilən açıqlamada qeyd olunur.

Belə ki, mart ayı ilə müqayisədə aprel ayında Almaniyaya sığınacaq üçün müraciət edənlərin sayında 14 min 976 nəfərdən 11 min 952 nəfərə qədər bir azalma qeydə alınıb.

BAMF-ın məlumatında qeyd olunur ki, sığınacaq üçün müraciət edənlərin siyahısında birinci yerdə yenə suriyalılar qərarlaşıb.

Aprel ayında Suriyadan 2779 nəfər sığınacaq üçün Almaniyaya qaçıb.

Siyahıda Suriyadan sonra növbəti yerdə 1242 nəfərlə İraq, 1208 nəfərlə Əfqanıstan, 960 nəfərlə İran, 852 nəfərlə Eriteriya, 626 nəfərlə Albaniya, 498 nəfərlə Nigeriya, 471 nəfərlə Makedoniya, 459 nəfərlə Somali, 449 nəfərlə Türkiyə qərarlaşıb.

Sorğuda azərbaycanlıların sayında da azalmanın qeyd olunduğu bildirilir. Belə ki, bu ilin yanvar ayı ilə müqayisədə aprel ayında Almaniyadan sığınacaq istəyən azərbaycanlıların sayı 353 nəfərdir.

Məlumat üçün qeyd edək ki, bu ilin yanvar ayında 500 -ə yaxın azərbaycanlı Almaniyadan sığınacaq istəyib.