“Sovetski” ərazisində yol infrastrukturunun yenidənqurulması istiqamətində aparılan işlər çərçivəsində İnşaatçılar prospektində yerləşən dairə (Statistika dairəsi) artıq ləğv edilib.

“Qafqazinfo” “Azəravtoyol” ASC-nin saytına istinadən xəbər verir ki, bu səbəbdən də avtonəqliyyat vasitələrinin hərəkəti dairədən keçərək İnşaatçılar prospektindən Abbasqulu Ağa Bakıxanov küçəsinə doğru tam olaraq dayandırılaraq layihə üzrə nəzərdə tutulan istiqamət üzrə yönəldilib.

Belə ki, avtonəqliyyat vasitələrinin hərəkəti İnşaatçılar prospektindən sağa Nərimanov prospektinə ordan isə yeni yaradılmış geri dönmə hissə ilə Abdulla Şaiq küçəsinə və yenidən İnşaatçılar prospektinə yönəldilib. Abbasqulu Ağa Bakıxanov və İzmir küçələrindən İnşaatçılar prospektinə daxil olan avtonəqliyyat vasitələri isə əvvəlki qaydada hərəkətlərinə davam edə bilərlər.

Qeyd edək ki, hazırda sözügedən ərazidə layihə üzrə nəzərdə tutulmuş tikinti işləri davam etdirilir.