Azərbaycanda avtomobillərin sayı çoxaldıqca, yeni ehtiyat hissələrinə və ustalara da tələbat artır. Bu sahə gəlirli olduğu üçün bəzi “işbazlar” min bir hiyləyə əl atır. Fürsətcil maşın ustaları çox pul qazanmaq üçün avtomobil sahiblərini aldatmaqdan belə, çəkinmirlər. Avtomobildəki problemi müəyyənləşdirmədən yeni detal aldırırlar. Böyük avtoservislərdə bu məsələyə görə məsuliyyət daşıyan olsa da, kiçik təmir sexlərində belə deyil. Böyük avtoservislərdə qiymətlər baha olduğu üçün avtomobil sahibləri əksər hallarda kiçik təmir sexlərinə üz tuturlar.

Amma maşın sahiblərini aldatma, onlara kələk gəlmə elə hər yerdə var – həm avtoservislərdə, həm də sexlərdə…
Bu səbəbdən də avtomobil sahibləri hər qarşılarına çıxan ustaya etibar edə bilmirlər… Hətta yaxşı usta olsa belə, kimlərinsə vasitəsilə, tanışlıqla müraciət edirlər…

106.3 FM radiosunda yayımlanan “106.3 dairəsi” avtoverilişinin aparıcısı Raqif Raufoğlu Modern.az-a bildirib ki,qanunla avtoservislərdə işləyən ustaların sənədləri Dövlət Əmək Müfəttişliyi tərəfindən yoxlanılır.

“Ordada çalışanların ən azı peşə təhsili olmalıdır. Azərbaycanda kiçik servislərdə menecer sistemi yoxdur, böyük servislərdə isə var. Bəzən olur ki, avtomobil ustanın yanına gətirilir, usta deyir ki, “gəl, filan detalı dəyişdirək düzələcək”. Həmin detal dəyişəndən sonra da vəziyyət dəyişmir, avtomobil sahibi pulu boş yerə vermiş olur. Usta əgər deyirsə avtomobilin hansısa hissəsində detal dəyişməlidir, mən o pulu verib ehtiyat hissəsi alıram, amma problem həmin detalda deyilsə, usta xərclənən pulu geri verməlidir”.

R.Raufoğlunun sözlərinə görə, avtomobil təmiri sexlərinin açılması yaxşıdır, rəqabət yaranır.

“Amma əsas problem kiminsə avtomobil təmirini bacarmadığı halda bu işlə məşğul olmasıdır. Avtoservisdə işləyən adamların təcrübəsi olmalıdır”.
Müsahibimiz deyir ki, hazırda bazarda saxta ehtiyat hissələri orijinal ehtiyat hissələrini üstələyir.

“Biz mütəmadi olaraq bu işlə məşğul olduğumuz üçün məlumatlıyıq, Avropadan orijinal ehtiyat hissəsi gətirən firmalar var. Onlar bazara gəlir, çalışırlar ki, saxta ehtiyat hissələri daxil olmasın. Amma təəssüf ki, bunun qarşısını ala bilmirlər. Bəzi “işbazlar” bura gətirilən orijinal ehtiyat hissələrinin saxtasını Çində sifariş verirlər. Biz hələ də tam seçə bilmirik ki, hansı orijinaldı, hansı saxta… Təəssüf ki, bazar bu sahədə idarəolunmaz vəziyyətdədir.

Hazırda bəzi rəsmi servislərdə də vəziyyət o qədər ürəkaçan deyil, bəzilərində qiymət yüksəkdir, bəzilərində isə keyfiyyətsiz iş görülür. Avtomobil sahibləri çalışsınlar ki, maşınlarını təcrübəsinə inandıqları ustalara təmir etdirsinlər. Hazırda bu məsələ çox çətindir”.


Hüquqünas Ərşad Hüseynov deyir ki, avtomobilin təmiri bir xidmətdir, həmin xidmət mülki qanunvericiliyin tələblərinə uyğun olmalıdır.

“Xidmət göstərən şəxs həmin işi lazımi keyfiyyətdə, lazımı qiymətdə görməlidir. Bizim ölkəmizdə “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanun var. Əgər göstərilən xidmətdə hansısa narazılıq olarsa, istehlakçı xidmətin aşağı keyfiyyətdə olmasına, ona dəymiş ziyana görə təzminat və hətta mənəvi kompensasiya da tələ edə bilər”.

Ərşad Hüseynov Azərbaycanda avtoservislərin göstərdiyi xidmətdən narazı olduğunu deyib.

“Çalışırıq ki, avtomobili təmirə aparan zaman tanıdığımız, yaxın münasibətimiz olan ustaları seçək. Bununla belə, bəzən olur ki, tanıdığımız adamlar da maşını tam təmir edə bilmirlər. İlk növbədə dövriyyədə olan ehtiyat hissələrinin keyfiyyəti aşağıdır. Təəssüflə qeyd etmək lazımdır ki, bəzi hallarda bizim ölkəmizə ən aşağı keyfiyyətli ehtiyat hissələri gətirilir. Ehtiyat hissələrinin keyfiyyətsiz olmağına baxmayaraq, alıcıları aldadaraq onu ən yüksək keyfiyyətli mal kimi bizə satırlar.
Ustaların ixtisas məsələsində də ciddi problem var. Həmin problemləri aradan qaldırmaq üçün ciddi işlər görülməlidir. Bu məsələləri nəzarətdə saxlamaq lazımdır, bazar özü-özünü tənzimləməlidir. Tədricən o işi bacarmayan və yaxud da çox aşağı səviyyədə bacaran adamlar özləri kənara çəkilməldir”.

Bakıda avtoservis sahibi olan Əli Sultanov deyib ki, bəzi ustalar pul qazanmaq üçün müxtəlif yollara əl atırlar.

“Avtomobillərin fəsilə uyğun problemləri ortaya çıxır, bəzi ustalar bu problemin yanacaq nasosundan qaynaqlandığını deyərək, avtomobil sahibinə yeni yanacaq nasosu aldırır. Nasos yeni olduğu üçün avtomobil 1-2 ay normal işləyir, amma sonra yenə də problem yaranır. Halbuki, yanacaq nasosunu dəyişənə qədər bir neçə mərhələ var. Əvvəl problemin nədən qaynaqlandığı tapılmalıdır, sonra əgər lazım olarsa, detal dəyişilməlidir. Sürücünün bütün bunları bilməməsi normaldır, gərək usta insaflı olsun. Bəzi ustalar var ki, bildikləri halda pul qazanmaq üçün əlavə detallar aldırırlar, bəzi ustalar da var insaflıdırlar, amma bilmədikləri üçün detalı yanlış dəyişirlər.

Biz servisimizə usta qəbul edərkən onun təcrübəli olmasına üstünlük veririk. Bəzi ustalar var ki, bir neçə ay hansısa xarici ölkədə olub, hamı elə bilir o usta professionaldır. Bir müddət onun işinə diqqət etdikdə görürük ki, heç nədən anlayışı yoxdur.

Bəzi hallarda olur ki, ustalar müştərinin avtomobilinə zərər vururlar. Kənar avtomobil təmiri sexlərində usta bu zərəri vurduğunu boynuna almır. Amma böyük servislərdə bu məsələdə işəgötürən məsuliyyət daşıyır. Çünki usta servisin ustasıdır, ehtiyat hissələri servisindir, bütün məsuliyyətlər qalır servisin üstündə. Maşını təmirə aparanda normal bir servisə aparsınlar ki, sonradan hansısa problemlə qarşı-qarşıya qalmasınlar”.
Ə.Sultanovun sözlərinə görə, ehtiyat hissələri ilə bağlı da vəziyyət acınaqlıdır:

“İndi bazara gətirilən ehtiyat hissələrinin əksəriyyəti aşağı keyfiyyətlidir. Bəziləri artıq pul qazanmaq üçün Çindən aşağı keyfiyyətli ehtiyat hissəsi gətirir, bu da avtomobillərin vaxtından tez sıradan çıxmasına səbəb olur. Bir neçə dəfə sərgilərdə olmuşam, orada Çinin keyfiyyətli ehtiyat hissələri olduğunu görmüşəm. Onlardan bizə gətirilən detalların niyə keyfiyyətsiz olduğunu soruşdum. Çinlilər isə cavabında azərbaycanlıların bahalı detalı istəmədiyini, qiymətin ucuz olması üçün keyfiyyətin azaldılmasını tələb etdiklərini dedilər. Biz bununla bağlı bir neçə dəfə İqtisadiyyat Nazirliyinə müraciət etdik, amma bir faydası olmadı”.