180 milyon manatlıq səhmə sahib Cahangir Hacıyev dözülməz şəraitdə saxlanılır; Hacı Məmmədov haqda xəbərlər gizlədilir 

Daxili İşlər Nazirliyinin keçmiş polkovniki, çoxsaylı sifarişli qətllər, adam oğurluqları, quldurluq kimi cinayətlər törətmiş dəstənin başçısı kimi ömürlük məhkum olunan Hacı Məmmədovla Beynəlxalq Bankın sabiq sədri Cahangir Hacıyev hazırda həbs həyatı yaşamaqdadırlar. H.Məmmədov 2005-ci ildə həbsə alındıqdan sonrakı 10 ildə ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasında saxlandı. H.Məmmədovun özü də MTN təcridxanasından köçürülməsini ara-sıra tələb edirdi.
Eldar Mahmudov vəzifəsindən çıxarılandan sonra Hacı Məmmədovda qəfil vərəm yoxlaması aparıldı və onu bu dəfə də ömürlük məhbuslar üçün nəzərdə tutulan məkana – Qobustan həbsxanasına aparmadılar. Onu Penitensiar Xidmətin vərəm xəstəliyinə yoluxmuş məhbuslar üçün nəzərdə tutulan 3 saylı cəzaçəkmə müəssisəsinə (“tubzon”) göndərdilər. Bu göndərişə qədər H.Məmmədovdan xəbərlər onun ailə üzvləri tərəfindən mətbuata açıqlanırdısa, hazırda belə xəbərlər kəsilib. H.Məmmədov haqda xəbər yoxdur. Halbuki MTN-də saxlandığı illər ərzində onun məşğuliyyətindən tutmuş nə yeyib içməsinə qədər məlumatlar mətbuat səhifələrinə qədər gəlib çatırdı. Hazırda isə H.Məmmədov 7 qapı arxasında gizlədilmiş arestant statusundadır.
Vaxtilə onun qurbanlarından olmuş, həbsinin gerçəkləşdirilməsini zəruri edən oğurluq obyekti Zamirə Hacıyevanın həyat yoldaşı haqda həyəcanlı xəbərlər var. Vəkili deyir ki, 1 aydır ki, Cahangir Hacıyev dözülməz şəraitdə saxlanılır. Cahangir Hacıyev 1 ay əvvəl adı Azərbaycan ictimaiyyətinə yaxşı bəlli olan 13 saylı cəzaçəkmə müəssisəsində saxlanılır. Daş karxanaları ilə əhatələnən, yolsuzluğu, yayda su, qışda isitmə sistemi problemi olan müəssisəyə göndərilənlər faktiki olaraq cəza müddətində işgəncələrlə üz-üzə qalırlar. Vəkili Aqil Layıcov deyir ki, ötən 1 ay ərzində 2 dəfə müvəkkili ilə görüşə gedib: “Birinci dəfə gedəndə onu saatlarla gözləməli oldum. Xəstədir, səhhətində çox ciddi problemlər var. 13 saylıda sağlam adam nəfəs almağa çətinlik çəkir. İsti, bir tərəfdən də daş karxanalarından göyə qalxan toz-tozanaq nəfəs almanı kəskin çətinləşdirir. Cahangir Hacıyev Haşimoto sindromundan əziyyət çəkir. Havasızlıq onun ürəyindəki problemin dərinləşməsinə səbəb olub. Səhhəti yaxşı deyil. Tənginəfəslikdən əziyyət çəkir”.

Aqil Layıc
Aqil Layıc

Vəkil deyir ki, C.Hacıyevə 13 saylı həbsxanada tibbi yardım göstərilir. Amma bunun onun sağlıq durumunun yaxşılaşması üçün əhəmiyyəti yoxdur: “Orada Cahangir Hacıyevə nə qədər yardım göstərilsə də, şərait elədir ki, xəstəliklərin dərinləşməsinə səbəb olur”
A.Layıcov deyir ki, C.Hacıyevin digər cəzaçəkmə müəssisəsinə köçürülməsi üçün müraciətlər edib: “Ölkə başçısına, ədliyyə nazirinə, Penitensiar Xidmət rəhbərliyinə müraciətlər etmişik. Cahangir Hacıyevin hazırda səhhəti kritikdir, xəstəliyi ilə əlaqədar kəskin çəki itirib. Onunla cəzaçəkmə müəssisəsində hər iki görüşüm zamanı həkim müdaxiləsi olub. Nəfəs ala bilmir”.
Vəkil bildirib ki, Cəzaların İcrası Məcəlləsinə (CİM) görə, məhkum olunmuş şəxslər evlərinə yaxın yerdə cəza çəkməlidirlər: “Cahangir Hacıyevin hazırda saxlandığı cəzaçəkmə müəssisəsi onun evinə ən uzaq müəssisədir. Bunu bilərəkdən ediblər. Ora onu qəsdən köçürüblər, çünki orada şəraitsizlik var, nəfəs belə almaq çətindir. Üstəlik, həmin cəzaçəkmə müəssisəsində həddən artıq yüklənmə var. Məsələn, 20 nəfərlik barakda 40 nəfər saxlanılır. Müəssisə 600-700 nəfər üçün nəzərdə tutulubsa, orada 1200-1400 nəfər saxlanılır”.
A.Layıcov deyir ki, C.Hacıyevə qarşı irəli sürülən ittihamlar ibtidai istintaq zamanı, sonradan məhkəmədə təsdiqini tapmayıb: “Deyirdilər ki, guya Cahangir Hacıyev külli miqdarda mənimsəməyə yol verib. Amma sübut edə bilmədilər. Ona görə də məhkəmə ittihamedici hökm çıxarsa da, müsadirə haqda qərarı vermədi. Yazırlar ki, dəymiş zərər ödənsin. Amma həmin zərərin nədən ibarət olduğu bilinmir. Şəxsin və şəxslərin pul mənimsəməsinə dair sübutlar yoxdur. Sadəcə, bütün ittiham mülahizələrə söykənir, formal qeydlərə əsaslanır. Həmin mülahizə və qeydlərə görə isə vurulmuş ziyan 60 milyona yaxın göstərilir”.
Vəkil deyir ki, C.Hacıyev həbs edilən zaman əvəzləşdirmə üçün ona və ailəsinə məxsus səhmlər götürülüb: “Həmin səhmlərin real bazar dəyəri 180 milyon manat idi. Demişdilər ki, guya səhmləri əvəzləşdirmə üçün götürürlər. Sonra isə aydın oldu ki, səhmləri əvəzləşdirmə üçün götürməyiblər, faktiki olaraq aldadıb səhmləri alıblar. Məhkəməyə verib səhmlərin böyük bir hissəsini qaytardıq. Qalan 40-50 milyonluq hissəsini də məhkəmə absurd qərarla qaytarmadı”.
Vəkil bildirib ki, Bakı Apelyasiya Məhkəməsinin müvəkkili haqda qərarından Ali Məhkəməyə kasasiya şikayəti hazırlayıblar.
Qeyd edək ki, C.Hacıyev 15 il müddətinə azadlıqdan məhrum edilib.
E.MƏMMƏDƏLİYEV/ musavat.com