Masazır dairəsində xüsusən günün pik saatlarında yaranan tıxacı aradan qaldırmaq məqsədi ilə magistral yolun sözügedən hissəsində əsas yoldan köməkçi yola avtonəqliyyat vasitələrinin hərəkətini təmin etmək məqsədi ilə yeni keçid hissə yaradılıb.

AzEuroNews.com-un “Azəravtoyol” ASC-yə istinadən verdiyi məlumata görə, avtonəqliyyat vasitələrinin əsas yoldan köməkçi yola təhlükəsiz keçidini təmin etmək məqsədi ilə köməkçi yolun 170 metrlik hissəsi 1 hərəkət zolağı enində genişləndirilib. Genişləndirilmiş hissəyə yeni asfalt-beton örtüyü döşənib.Təhlükəsizlik məqsədi ilə köməkçi yola 20 ədəd siqnal dirəkləri və 10 ədəd yol nişanları quraşdırılıb, yolun üfiqi nişanlanma xətlərinin çəkilişi işləri aparılıb.

Bundan başqa əsas yoldan Masazır qəsəbəsinin girişinə doğru düşən hissədə də yolun hərəkət hissəsinin genişləndirilməsi işləri aparılıb.

“Azəravtoyol” ASC tərəfindən aparılmış işlər imkan verir ki, avtonəqliyyat vasitələri “Gənclər şəhərciyi” istiqamətində Masazır dairəsinə daxil olmadan əsas yoldan köməkçi yola rahat, təhlükəsiz və maneəsiz şəkildə hərəkət etsinlər. Bu isə öz növbəsində Masazır qəsəbəsinə giriş hissədə və mövcud dairədə hərəkət intensivliyini azaltmaqla müəyyən qədər yaranan sıxlığın qarşısını almış olacaq.