Rusiya NATO-da təmsilçilik səviyyəsini aşağı salmağa hazırlaşır.

Axar.az xəbər verir ki, bu barədə “İzvestiya” qəzeti informasiya yayıb. Xəbərdə Rusiyanın NATO-dakı daimi nümayəndəsi Aleksandr Qruşkonun öz postundan getməsindən sonra belə bir addımın atılacağı iddia edilib.

NATO-nun istənilən hadisə zamanı Rusiya ilə konstruktiv danışıqlara getməməsi və Rusiyanı ittiham etmək meyli bu addımın atılmasına səbəb kimi göstərilib. Əgər Rusiya-NATO münasibətlərində müsbət məcrada irəliləyiş müşahidə edilməsə, Moskva Brüsseldə yalnız müvəqqəti təyin edilmiş nümayəndəsini saxlayacaq.

Qəzet Rusiya XİN-ə istinadən bildirib ki, rəsmi Moskva münasibətlərin yoluna qoyulmasına və konstruktiv həll yolları tapılmasına razıdır, lakin danışıqlar hər dəfə ittihama çevrildikdə bunun heç bir anlamı qalmır.

Xatırladaq ki, Rusiya-NATO münasibətləri 2014-cü ilin yazında Krımın Rusiya Federasiyasının tərkibinə qatılması və Rusiyanın Şərqi Ukraynadakı konfliktə müdaxiləsi ilə kəskin şəkildə pisləşib.