Bu gündən “Buta Airways” – aşağı büdcəli aviaşirkətinin biletlərinin satışa buraxıldığı internet səhifəsi işə düşüb.

Şirkətdən “Report”a daxil olan məlumata görə, www.butaairways.az saytı üç dildə – Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərir.

Aviaşirkətin ilk reysi sentyabrın 1-ə Tbilisiyə planlaşdırılıb.

İlk mərhələdə aviaşirkət Bakıdan Moskva (“Vnukovo” Hava Limanı), Kiyev (“Julyanı” Hava Limanı), Antalya, Kazan, Mineralnıye Vodı, Tbilisi və Tehrana uçuşlar yerinə yetirəcək. Qış mövsümünün başlanması ilə (bu ilin oktyabr ayının 29-dan) “Buta Airways”in marşrut şəbəkəsinə İstanbul (“Sabiha Gökçen” Hava Limanı) və Sankt-Peterburq kimi şəhərlər də əlavə olunacaq.

Bütün istiqamətlər üzrə minimal tarif cəmi 29 avro (bir tərəfə) təşkil edir. Lou-kost aviaşirkət olaraq, “Buta Airways” aviareyslərdə baqajın, əl yükünün daşınması, təyyarə göyərtəsində isti yeməklər, hava limanında qeydiyyat, eləcə də təyyarədə yer seçimi kimi əlavə xidmətləri ödəniş müqabilində təklif edəcək. Tariflər barədə ümumi məlumat “Tariflər və xidmətlər” səhifəsində təqdim olunmuşdur.

Minimal tarif ilə alınan aviabiletlər qaytarıla və yaxud dəyişdirilə bilməz. Aviabiletlərin qaytarılması və dəyişdirilməsi şərtləri ilə daha ətraflı “Biletlərinin qaytarılması və dəyişdirilməsi” səhifəsində tanış olmaq olar.

Aviaşirkətin bütün reyslərində sendviçlər və su pulsuz olaraq təqdim olunacaq. İsti yeməyi aviabiletin alınması prosesi zamanı öncədən sifariş etmək mümkün olacaq. Menyu ilə “Təyyarədə qidalanma”səhifəsində tanış olmaq olar. Həmçinin təyyarənin göyərtəsində müxtəlif içkilər və soyuq qəlyanaltılar əldə etmək mümkün olacaq.

Sərnişinlərdən tez-tez daxil olan suallar əsasında “Suallar və cavablar” səhifəsi hazırlanıb.

24 saat fəaliyyət göstərən çağrı mərkəzi ilə +994 (12) 493 14 14 telefon nömrəsi (Azərbaycandan zənglər üçün qısa nömrə *0808 növbəti həftədən fəaliyyət göstərəcək), [email protected] elektron poçt ünvanı vasitəsilə əlaqə saxlamaq və ya saytdakı əlaqə forması vasitəsilə məktub yazmaq mümkündür.

Bütün yenilikləri və xəbərləri “Buta Airways”in sosial şəbəkələrdəki səhifələrində izləmək mümkündür:

  • facebook.com/ButaAirways
  • instagram.com/ButaAirways
  • twitter.com/ButaAirways

Qeyd edək ki, aviabiletləri həmçinin kassalarda və rəsmi agentliklərdə əldə etmək mümkündür . Bütün ödənişlər uçuşun başladığı ölkənin yerli valyutasında mərkəzi bankın ödəniş gününə olan məzənnəsi ilə həyata keçirilir.

“Buta Airways” Azərbaycanın ilk aşağı büdcəli aviaşirkətidir və “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) struktur bölməsidir. Onun əsası 2016-ci ilin dekabrında qoyulub. Aviaşirkətinin donanması müasir “Embraer” təyyarələrindən ibarətdir və Bakıda, Heydər Əliyev Beynəlxalq Hava Limanında yerləşir.