Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev ötən gün Dünya Tibbi Hüquq Assosiasiyasının (DTHA) 23-cü konqresinin rəsmi açılış mərasimində maraqlı fikir səsləndirib. Nazir bildirib ki, həkimlər xəstəni deyil, xəstəliyi müalicə edirlər. O.Şirəliyevin bu sözləri sosial şəbəkələrdə tənqidlə qarşılanıb və mövzu ilə bağlı müxtəlif fikirlər səsləndirlib.

Tibb elmləri doktoru, professor Adil Qeybulla AzVision.az-a açıqlama verərək nazirin çıxışına münasibət bildirib.

A.Qeybulla hesab edir ki, nazirin çıxışında qəbahətli bir şey yoxdur. Onun sözlərinə görə, həkimlər həm xəstəni, həm xəstəliyi müalicə etməlidir.

“Burada kompleks yanaşma olmalıdır. Xəstənin psixikası, onun davranışları, ümumi emosional vəziyyəti – bütün bunlar həkim tərəfindən nəzərə alınmalıdır. Xəstədə etimad bunun əsasında yaranır. Yəni davranışın özü də mühüm əhəmiyyət kəsb edir. Xəstəliyin müalicəsinə gəlincə, bu, vacib məqamdır.

Təkcə xəstənin deyil, xəstəliyin də müalicəsi aparılmalıdır. Çünki konkret xəstəliklə bağlı həkimə müraciət olunur və bunun peşəkar şəkildə aradan qaldırıması həyata keçirilir. Bu mənada ən azı iztirabların azaldılmasından və s. situasiyadan asılı olaraq məsələyə komplekt yanaşılmalıdır. Amma xəstəyə də insan kimi münasibət, onun psixikasını, emosional vəziyyətini nəzərə almaq mühüm əhəmiyyət daşıyı. Onkoloji, nevroloji, panika düşmüş xəstələr olur ki, bunlarla xüsusi davranış tələb olunur” -deyə professor nazirin çıxışını şərh edib.