Ötən gün Prezidentin sərəncamı ilə vəzifədən azad edilən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin keçmiş müavini, general-mayor Novruzəli Orucov oğlu Rüstəm Orucovun döydüyü “Xaliq Faiqoğlu” şirkətinə məxsus 85 saylı marşrut avtobusunun sürücüsü, 1981-ci il təvəllüdlü Sənan Səmədovu hədələyib.

AzEuroNews.com xəbər verir ki, bu barədə “Qafqazinfo”-ya sürücü S.Səmədov məlumat verib.

S.Səmədov Novruzəli Orucovun bu gün telefonla ona zəng vurduğunu söyləyib:

“Bu gün Novruzəli Orucov mənə zəng vuraraq, nə üçün ondan icazəsiz mətbuata müsahibə verdiyini soruşdu. Daha sonra məni hədələdi və bildirdi ki, bir daha ondan xəbərsiz mətbuata müsahibə verməyim. Novruzəli Orucov mənə açıq şəkildə dedi ki, birdə onun əleyhinə olan fikirləri mətbuata söyləsəm, mənim üçün pis olacaq”.

Sürücü hələ də Novruzəli Orucovun hədələrindən qorxu hissləri keçirdiyini bildirib.

Qeyd edək ki, bu gün “Qafqazinfo”da Sənan Səmədovun hadisənin detalları ilə bağlı verdiyi açıqlamalar və videosujeti yayımlanıb.

[youtube https://www.youtube.com/watch?v=Xn9NzKj0SLI]