Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin Gürcüstan hissəsində üç mərhələdə (Marabda-Tetritskaro, Tetritskaro-Salka, Salka-Axalkalaki) tikinti-reabilitasiya və Axalkalaki-Kartsaxi (Türkiyə sərhədi) sahəsində aparılan tikinti işləri artıq tamamlanmaq üzrədir.

“Report”un “Azərbaycan Dəmir Yolları” QSC-yə istinadən verdiyi xəbərə görə, artıq bəzi sınaqlar həyata keçirilib: “Bağlantının Gürcüstan hissəsindən Türkiyə sərhədinə kimi qatarların dizel ilə işləyən lokomotivlərlə bir neçə dəfə sınağı baş tutub. İşçi qatarları müntəzəm hərəkətdədir. Lokomotivlər bütün yol boyunca maneəsiz hərəkət edə bilir. Axalkalaki stansiyasındakı yüklü vaqonun təkər arabacıqlarının dəyişmə (1 520 mm standartlı izdən 1 435 mm standartlı izə və əksinə keçirilərək) və iritonnajlı konteynerin vaqondan vaqona götürülüb-qoyulması məntəqələrində qurğular uğurla sınaqdan keçirilib. Stansiyada vağzal binasının, süni qurğuların, rabitə və İMB, elektrik təchizatı qurğularının, yol keçidinin, piyada körpüsünün, təkər arabacıqları dəyişdiriləcək məntəqənin, mikroprosessor mərkəzləşdirilməsi postunun, konteyner meydançasının, yüklərin boşaldılıb doldurulması məntəqələrinin, sərnişinlərin keçidi üçün tunelin, patrul və avtomobillər üçün yolların habelə stansiyada çalışacaq işçilər üçün inzibati binaların tikintisində işlər tamamlanmaq üzrədir”, – deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, stansiyada 1 520 mm izli parkda 6 və 1 435 mm izli parkda 4 yola, dalan yollarına, Axalkalaki stansiyasını Axalkalaki-Kartsaxi (Türkiyə sərhədi) sahəsi ilə birləşdirən yola üst quruluş elementləri qoyulub, 6 dayaqlı 153 metrlik körpünün tikintisində işlər başa çatdırılıb və istismara qəbul edilib.

Sərhəddə tikilən 4 450 m uzunluğunda tunelin Gürcüstan hissəsinə düşən 2 070 m hissəsində (portalla birlikdə) qazma işləri başa çatdırılıb, son 90 metrdə betonlama işləri aparılır.

Qeyd edək ki, bu dəmir yolu xətti vasitəsilə ilk illərdə 5 mln. ton, növbəti illərdə isə 15 mln. tona qədər yükün daşınması mümkün olacaq. Bakı-Tbilisi-Qars marşrutu üzrə hərəkət edəcək sərnişin qatarları üçün Azərbaycan tərəfi İsveçrənin “Stadler” şirkətinə 30 ədəd yataq tipli vaqon sifariş edib. Vaqonlar “standart”, “komfort”, “biznes” və “restoran” olmaqla dörd kateqoriyada istehsal olunur.

Bakı-Tbilisi-Qars dəmir yolu bağlantısının artıq bu il istismara verilməsi gözlənilir.

ac6908f0-f023-4f69-847d-00fea968cda4 ae32860d-7254-4fc3-829a-c66ec7dda39a a17fc8c1-6218-48ea-b5ad-95c803883352 721014a2-8e40-468a-96c5-a3bfb312bde4 1b3cbf72-a374-40f7-b365-28fe78645585 (1) 33ecf3bb-e4fb-48ed-bd47-a4dfed64fdbd 85498e09-e14f-4319-ad06-212ce44e9bc9