Müstəqil Dövlətlər Birliyi (MDB) SSRİ-nin süqutunu rəsmləşdirən Belovejsk razılaşması ilə (1991-ci il 8 dekabr) eyni vaxta yaranmışdı. Rusiya, Belarus və Ukrayna prezidentlərinin imzaladığı müqavilə faktiki olaraq yeni geoasiyasi reallığın konstatasiyası idi.

Süquta uğrayan Sovet İttifaqının yerinə 15 müttəfiq respublika yaranırdı ki, onlar da Baltikyanı ölkələri çıxmaq şərti ilə könüllülük əsasında MDB-yə üzv olmuşdu. Azərbaycan 1991-ci il dekabrın 21-də MDB-yə üzvlüyü rəsmiləşdirən Alma-Ata protokolunu imzalasa da, Xalq Cəbhəsinin hakimiyyəti dövründə bu proses dayandırılmışdı. Rəsmi Bakı yalnız 1993-cü il sentyabrın 24-də yenidən MDB-yə üzv oldu. Azərbaycanın ardınca, dekabrda Gürcüstandan da bu təşkilata qoşuldu.

Könüllülük əsasında üzv qəbul edən MDB yarandığı gündən məramının keçmiş sovet respublikaları arasında tarixi bağı qorumaq, qarşılıqlı siyasi, iqtisadi, mədəni və humanitar əlaqələri genişləndirmək olduğunu elan etmişdi.

Lakin qarşıdakı illərdə MDB-yə üzv ölkələrin sayı get-gedə azalmağa başladı. Belə ki, 2005-ci ildə Türkmənistan, 2008-ci ilin Gürcüstan və 2014-cü ildə Ukrayna MDB-dəki fəaliyyətini dayandırdı. Bu gün MDB 9 ölkəni sıralarında birləşdirən regional təşkilata çevrilib. Xüsusən, Ukraynanın təşkilatda fəaliyyətini dayandırması ilə təşkilat ciddi reputasiya itkisi ilə üzləşdi.

Təşkilatda qalan ölkələr isə MDB dövlət başçılarının sammitini önəmli danışıqlar aparmaq üçün meydan kimi istifadə edir. Bundan əlavə, Avrasiya İttifaqı, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı kimi yeni təşkilatların yaranması MDB-ni yeni struktur layihəsi kimi öz əhəmiyyətini itirdiyini, inteqrasiya proseslərini tam mənada həyata keçirə bilmədiyi təəssüratı yaratdı.

Azərbaycanın MDB-də yerinə və perspektivinə gəldikdə isə rəsmi Bakı dövlət və hökumət başçılarının sammitində aktiv iştirak edir. Bununla belə, rəsmi Bakı MDB-nin layihələrində aktiv iştirakçı olmur və təşkilata üzv ölkələrlə münasibətini daha çox ikitərəfli formatda olan görüşlərlə həll edir. Bu mənada, rəsmi Bakının Avrasiya İttifaqı yaxud KTMT-a üzv olmaması, GUAM tipli qərbyönümlü təşkilatlarda təmsil olunması MDB formatında təmsilçiliyə də təsir göstərir. Digər tərəfdən, Azərbaycana qarşı işğalçılıq siyasətinin MDB səviyyəsində pislənilməməsi, inteqrasiya prosesinin məhdud xarakter daşıması bu təşkilatın Azərbaycan üçün stateji önəm kəsb etməsinə mane olur.

Təbii ki, Azərbaycanın MDB-yə üzvlüyü hazırkı situasiyada ölkə maraqlarına cavab verir və region ölkələri ilə münasibətləri qorumağa, ildə bir neçə dəfə görüşməyə şərait yaradacaq.

MDB-nin 5-ci ən böyük iqtisadiyyatı olan Azərbaycan (Rusiya, Qazaxıstan, Özbəkistan, Belarus) sovet ittifaqının qalıqları üzərində qurulan bu təşkilatda qarşıdakı illərdə rolunu artıra da bilər.