Britaniyanın keçmiş baş naziri Marqaret Tetçer 1990-cı ildə İraq qüvvələrinin Küveyti işğalı zamanı İraq Prezidenti Səddam Hüseynə qarşı kimyəvi silah da istifadə etməyi planlaşdırıb.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Faynənşl Tayms” qəzeti Mərkəzi Kəşfiyyat İdarəsinin tam məxfi qrifi üzərindən götürülmüş sənədlərə əsasən yayıb.

Dərc edilən sənəddə səlahiyyətləri sona çatmağa yaxın olan Tetçerin Qərb və ərəb ölkələrini Səddam Hüseynə qarşı təşkilatlandırmağa çalışdığı göstərilib. Həmin dövrdə İraq ordusu yalnız üçüncü bir silahlı qüvvənin işğal olunmuş ərazilərdən onları sıxışdırıb çıxarmaq cəhdi olacağı zaman kimyəvi silahdan istifadə etməyə hazırlaşıb. Bunu görən Marqaret Tetçer oxşar cavab tədbirlərini görməyə qərar verib.

1990-cı ilin oktyabrında ABŞ-ın Müdafiə naziri Dik Çeyni ilə görüşü zamanı Tetçer ona “Biz bilməliyik ki, cavab tədbirləri hansı formada olacaq” sözlərini söyləyir. Daha sonra Tetçer Səddama qarşı xüsusi kimyəvi silahdan istifadə olunması gərəkdiyini vurğulayır. Çeyni isə ABŞ Prezidenti Corc Buşun kimyəvi silahlara xüsusi nifrəti olduğunu deyərək, Tetçeri bu fikrindən daşındırır.