Böyük Britaniyada təhlükəsizlik məqsədilə çəkisi 250 qramdan artıq olan pilotsuz uçuş aparatlarının məcburi qeydiyyatına başlanıb.

İKT.lent.az-ın Vladtime.ru-ya istinadən xəbərinə görə, bu barədə Birləşmiş Krallığın aviasiya naziri Martin Kellanan açıqlama verib.

Onun sözlərinə görə, dron sahibləri konfidensiallıq qanunları və təhlükəsizliyin əsasları üzrə testdən keçməli olacaqlar.

Qeyd edək ki, bu ilin ilk dörd ayında Böyük Britaniyada pilotsuz uçuş aparatlarının iştirakı ilə 22 insident qeydə alınıb. Hökumətin apardığı araşdırmalar nəticəsində məlum olub ki, çəkisi 400 qramdan artıq olan dronlar vertolyotun, çəkisi 2 kq-dan artıq olan dronlar isə təyyarənin şüşəsini zədələyə bilər. Hökumət dronların müəyyən yerlərdə, məsələn, həbsxana və aeroportlar üzərində uçuşunu qadağan etmək barədə düşünür.