Böyük Britaniya 2040-cı ildən ölkədə dizel və benzinlə işləyən maşınların satışını qadağan edəcəyini elan edib.

“Report” xəbər verir ki, bu barədə “The Times” yazıb.

Britaniya hökuməti dizellə işləyən avtomobil sahiblərini cərimələməyi planlaşdırmır, amma onlara elektromaşınlara keçməyi təklif edir.

Həm elektromotor, həm də dizel və benzin mühərrikləri olan hibrid avtomobillərinin də satışı dayandırılacaq. Hələ ki, Böyük Britaniyada satılan yeni avtomobillərin 1%-dən də az hissəsi yalnız elektrik enerjisi ilə işləyir.

Ətraf mühit naziri Maykl Qouv bildirib ki, daha çox çirklənmiş bir neçə rayonda dizellə işləyən avtomobillərin istifadəsi 2040-cı ildən də tez qadağan oluna bilər. Bu qadağa havanın keyfiyyətinin yaxşılaşdırılması üçün həyata keçirilən dövlət proqramının bir hissəsidir.

Nazir bildirib ki, hökumət dizel avtomobillərindən azot oksidi emissiyalarının azaldılmasına kömək üçün yerli hakimiyyət orqanlarına əlavə 255 mln. funt sterlinq ayıracaq. İndiyədək isə 2,7 mlrd. funt ayrılıb. İşçi qrupları 2018-cı il martın sonuna kimi emissiyaların azaldılması üçün planlarını və ilin sonuna kimi yekun təkliflərini təqdim etməlidir.

Bununla belə, adının açıqlanmasını istəməyən şəxs bildirib ki, hökumət dizel və benzinlə işləyən avtomobillərin satışının qadağan olunmasının yaxın illərdə zərərli emissiyaların azaldılmasına imkan verməyəcəyini etiraf edib.

Daha əvvəl Fransanın ətraf mühit naziri Nikolya Yulo bildirib ki, Fransa 2040-cı ilədək benzin və dizellə işləyən maşınların satışını dayandırmaq istəyir. Lakin nazir bu qərarın hibrid avtomobillərə də aid olub-olmayacağını qeyd etməyib. Onun sözlərinə görə, Fransa istehsal tarixi 20 ili keçən dizellə işləyən və 2001-ci ilədək istehsal olunan benzinlə işləyən avtomobillərini dəyişmək istəyənlərə vergi güzəştləri də təklif edəcək.