Amerikada yaşayan azərbaycanlı alim Lütfi Zadənin dünyasını dəyişdikdən sonra Bakıda dəfn olunmasını vəsiyyət etməsi bir neçə gündür medianın gündəmini zəbt edib.

Həmin vəsiyyətdəki Azərbaycan sevgisi və burada dəfn olunmaq arzusu ictimaiyyət tərəfindən birmənalı qarşılanmadı. Bununla yanaşı məsələyə müsbət baxanlar da az deyildi.

Hazırda Lütfi Zadə kimi Azərbaycandan kənarda yaşayan kifayət qədər tanınmış simalar var. Maraqlıdır, həmin insanların bu cür vəsiyyət qoymaq fikirləri varmı?  Bəs onlar harada dəfn olunmaq istəyərlər?

Modern.az bununla bağlı bir neçə tanınmış şəxslərin fikrini öyrənib.

Hazırda Almaniyada yaşayan, Müsavat Partiyasının eks-başqanı İsa Qəmbərin qardaşı, Dünya Azərbaycanlıları Məclisinin sədri  Rövşən Qəmbər:

“Bəzən elə düşünürlər ki, vəsiyyət böyük miqdarda pulların yerini göstərmək və ya kiməsə ötürməkdir. Bu, belə deyil. Lütfi Zadə Azərbaycanda anadan olub və ölkəmizdə dəfn olunmağa haqqı var.  Əgər Lütfi Zadənin Azərbaycanda dəfn olunması  ölkəyə şan-şöhrət gətirəcəksə, niyə də olmasın. Onun səviyyəsində dünyada tanınmış alim yoxdur. Ermənilərdə belə bir şey olsa idi, mütləq bu fürsətdən yararlanardılar. Bəlkə də Lütfi Zadənin buna ehtiyacı yoxdur. Amma Azərbaycana xeyirli nə varsa, onu etməli və haqqa xidmət edən bütün məqsədləri gerçəkləşdirməliyik. Lüfi Zadə Azərbaycanın Fəxri Xiyabanında yer almağa layiq adamdır.

Mən isə Qarabağda, Füzulidə Cümşüd babamın, Səyyad dayımın, bütün əcdadlarımızın yanında dəfn olunmaq istərdim”.

Milli Məclisin eks-spikeri, uzun illərdir Amerikada mühacirət həyatı yaşayan Rəsul Quliyev:

“Lütfi Zadənin belə bir vəsiyyət etməsi xəbəri məndə bir az təəccüb doğurdu. Adətən ciddi  insanların vəsiyyəti öləndən sonra məlum olur. Mən Lüfti Zadəni ciddi insan hesab edirəm. Digər tərəfdən insanları yaşayanda necə insan olduqları, onun barəsində nə danışacaqları maraqlandıra bilər, harada dəfn olunması yox”.

İsveçrənin Sürix şəhərində yaşayan tanınmış jurnalist Elbəyi Həsənli:

“Mən Lütfi Zadənin pərəstişkarı deyiləm. Hesab edirəm ki, o, bütün intellektini özgələrə xərclədi. Təkcə cəsədini vətənə qıydı. Mənim isə hələ planımda ölmək yoxdur. Vəsiyyət yazmaq haqqında da düşünmürəm. Ancaq İsveçrə həm insan kimi yaşamalı, həm də ölməli ölkədir”.

Türkiyədə yaşayan jurnalist Esmira Çərkəzqızı:

“Lütfi Zadə qədər ömrüm və vətənə xidmətlərim olsaydı, çox xoşbəxt olardım. Onunla müqayisə edilmərik. Amma vətən vətəndir. Bu torpağın suyu,çörəyi ilə böyüdük… Əlbəttə ki, vətən sevgisi ilə bərabər vətən nisgili də hər zaman ürəyimizdədir. Bu fani dünyada hamımız qonağıq. Türkiyədə yaşayıram ,amma necə deyərlər gəzməyə qərib ölkə, ölməyə vətən yaxşı. Düzü, hələ ölməyə tələsmirəm. Təbii ki, bu, bizim əlimizdə deyil, yenə də istəyimi söylədim”.

Almaniyada yaşayan məşhur muğam ifaçısı Zahid Quliyev:

“Hörmətli Lütfi Zadə dünyada tanınan bir alimdir. Mən Amerikada konsert verərkən orada iştirak edib. Çox səmimi və sadə insandır. Əgər belə bir vəsiyyət edibsə, demək o, Azərbaycanı sevir. Mən də vətənim Azərbaycanda, doğulduğum Cəbrayıl rayonu, Söyüdlü kəndində dəfn olunmaq istərdim. Hər şeyin yaxşısını Allah bilir”.