ABŞ-ın sabiq prezidenti Barak Obamanın Şarlotsvill şəhərində baş vermiş toqquşmalarla bağlı şərhi “Twitter” tarixinin ən populyar yazısı olub. B. Obama bu sahədə birinciliyi əlində saxlayan müğənni Ariana Qrandeni geridə qoyub.

İKT.lent.az-ın “Favstar”a istinadən verdiyi xəbərə görə, keçmiş dövlət başçısının ötən bazar günü Virciniya ştatının Şarlotsvill şəhərində baş vermiş iğtişaşla bağlı “tvit”i 2,8 milyondan çox like toplayıb və 3 gündə 1,15 milyon dəfə paylaşılıb.

B. Obama “tvit”ində Cənubi Afrika Respublikasının sabiq prezidenti Nelson Mandeladan sitat gətirib. Sitat belədir: “Heç kim dərisinin rənginə, mənşəyinə və ya dininə görə bir-birinə nifrət hissi ilə doğulmur. İnsanlar nifrət etməyi sonradan öyrənir. Əgər onlar nifrət etməyi öyrənə bilirsə, deməli, onları sevgiyə öyrətməyə çalışmaq lazımdır, çünki sevgi insan qəlbinə daha yaxın duyğudur”.

“Twitter”dəki işarə məhdudiyyəti ilə əlaqədar Obama sitatı 3 yerə bölüb. Populyar olan hissə onun foto ilə bərabər paylaşdığı ilk hissə olub. Həmin fotoda Obama Merilend ştatında uşaq bağçasının qarşısında dayanıb və pəncərədən müxtəlif irqləri təmsil edən uşaqlar ona baxır. İkinci və üçüncü “tvit”lərin isə hər biri milyondan çox like toplayıb.
Qeyd edək ki, like üzrə əvvəlki lider sənətçi Ariana Qrande idi. O, Mançesterdəki konsertindən sonra baş vermiş partlayışla bağlı belə yazmışdı: “Dağılmışam. Səmimi qəlbdən çox təəssüflənirəm. Deyəcək sözüm yoxdur”.

 

Xatırladaq ki, ötən bazar ABŞ-ın kiçik Şarlotsvill şəhərində ultramillətçilər, irqçilər və neonasistlərin etiraz aksiyası zamanı iğtişaş baş verib, 1 nəfər ölüb. Aksiyaya səbəb ABŞ-dakı vətəndaş müharibəsi zamanı quldarlığın saxlanılmasını müdafiə edən cənub ştatlarının ordusuna komandanlıq etmiş general Robert Linin abidəsinin sökülməsi barədə yerli hakimiyyət orqanlarının qərarı olub. Aksiya zamanı abidənin sökülməsi tərəfdarları ilə radikallar arasında qarşıdurma yaranıb. Radikallardan birinin avtomobili insanların üzərinə sürməsi nəticəsində 1 qadın ölüb, 20-dən çox adam yaralanıb.