Rusiyada sovet dövründə məşhurlaşmış “Zenit” fotoaparatlarının istehsalı bərpa ediləcək.
İKT.lent.az-ın məlumatına görə, yenilənmiş rəqəmsal “Zenit” fotokameraları 2018-ci ildə bazara çıxarılacaq. Bunu Rusiyanın Zverev adına Krasnoqorsk Mexaniki Zavodunun baş direktor müavini İqor Sergeyev Moskva vilayətində yayımlanan “Radio 1”in efirində deyib. O bildirib ki, zavod optik hissənin istehsalı ilə məşğul olacaq, elektronika isə xaricdən gətiriləcək. İ. Sergeyev fototexnika istehsalı üzrə aparıcı şirkətlərdən biri ilə işbirliyi quracaqlarını söyləyib.

Yeni “Zenit” təmiz dəri və digər yüksək keyfiyyətli materiallardan istifadə edilməklə hazırlanacaq. Cihazın qiyməti isə yaxşı smartfondan bir qədər baha olacaq.

İ. Sergeyev onu da əlavə edib ki, zavod tanınmış fototexnika istehsalçıları ilə rəqabət aparmaq niyyətində deyil.