Almaniyanın “Bosch” şirkəti özünün yeni məhsulunu – avtomobil üçün “elektron açar”ı təqdim etməyə hazırlaşır.

İKT.lent.az-ın “itportal.ru” saytına istinadən verdiyi məlumata görə, açar mobil əlavə qismində reallaşdırılıb. Əlavə “Perfectly Keyless” adlanır və o, etibarlı müdafiə sistemini özündə ehtiva edir.

Hələlik yeni əlavə haqqında məlumat ancaq anonsdan ibarətdir. Avtomobil elektronikası istehsalçısı kimi tanınan “Bosch” şirkəti yeni məhsulun tez bir müddətdə istifadəyə veriləcəyini bildirib.

Əvvəlcə mobil əlavənin avtomobil sahibinin tələskənlik və digər vəziyyətlərdə çətin durumda qalmasına yol verməmək üçün müasir texnoloji üsul kimi istifadə edilməsi nəzərdə tutulurdu. Məsələn, çox vaxt sürücülər maşının açarını evdə unudurlar. Onların evə qayıdaraq vaxt itirməməsi üçün yeni üsuldan – “Perfectly Keyless” əlavəsindən istifadə etmək mümkün olacaq. “Perfectly Keyless”i oğurlamaq və pis niyyətli məqsədlərlə istifadə etmək mümkün olmayacaq.

Lakin “Perfectly Keyless” mobil əlavəsi avtomobilin qapılarını açmaqla bərabər, bir çox başqa funksiyaları da həyata keçirə biləcək. Məsələn, onun vasitəsilə avtomobili distant olaraq işə salmaq mümkün olacaq. Həmçinin, əlavə xüsusi müdafiə olunmuş kanallar vasitəsilə digər istifadəçilərə də çıxış imkanı verə biləcək.