Sumqayıtın Hacı Zeynalabdin Tağıyev qəsəbəsindən keçən 10 kilometrədək yolda ötmə əməliyyatı qadağandır. AzEuroNews “Xəzər xəbər”ə istinadən xəbər verir ki, Bakı-Quba yolunda olan bu məhdudiyyət nəqliyyat vasitələrinin normal hərəkətinə mane olur. Belə ki, magistral yolun Sumqayıtın Hacı Zeynalabdin Tağıyev qəsəbəsi ərazisinə düşən hissəsində 10 kilometrədək məsafədə sürət həddi bəzi yerlərdə 70, digər ərazidə isə 60 kilometr/ saat müəyyənedilib. 10 kilometrədək məsafədə isə ötmək üçün yer qoyulmayıb.

Bu da yolda nəqliyyat vasitələrinin normal hərəkətinə mane olur.

Sürücülər deyirlər ki, həmin yolda sənaye müəssisələri çoxluq təşkil etdiyindən bu ərazidə iri tonnajlı maşınlar, traktor və digər yük avtomobilləri istədikləri sürət həddini seçirlər. Məhz ona görə də sürücülər bəzi hallarda qarşıdakı nəqliyyat vasitəsini keçmək məcburiyyətində qalırlıar. Bu da onların cərimələnməsi ilə nəticələnir.

Yol hərəkəti üzrə ekspertlər isə bildirirlər ki, 10 kilometrə yaxın məsafədə ötməni qadağan etmək düzgün deyil. Bu, həmin yolda nəqliyyat vasitələrinin sürətinə təsir edir və tıxacların yaranmasına səbəb olur.