“Kənd təsərrüfatı məhsullarının bazarlarda, yarmarkalarda və səyyar qaydada satışından əldə edilən gəlirlər sadələşdirilmiş vergitutma metodu tətbiq edildiyi halda təqdim edilmiş mallara görə hasilatın həcmindən (xərclər çıxılmadan) Bakı şəhərində 4 faiz dərəcə ilə hesablanır”.

Bu barədə Modern.az-a Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar departamentinin baş direktorunun müavini Nicat İmanovməlumat verib.

O bildirib ki, gəlir vergisi metodu tətbiq edildiyi halda isə təqdim edilmiş mallara görə əldə olunan gəlirdən təqdim olunan malların alınmasına çəkilən xərclər, habelə qanunla nəzərdə tutulmuş icbari ödənişlər çıxıldıqdan sonra 20 faiz dərəcə ilə gəlir vergisi hesablanır:

“Bununla yanaşı, bazarlarda, yarmarkalarda və səyyar qaydada kənd təsərrüfatı məhsullarının satışı həyata keçirildikdə bu malların alıcılarına qəbz və ya digər ciddi hesabat blankı təqdim edilməli və həmin blanklarda qanunvericiliklə müəyyən edilmiş məlumatlar əks olunmalıdır. Məlum olduğu kimi, kiçik və orta sahibkarlığın inkişafı, istehlakçıların üzərindəki vergi yükünün azaldılması məqsədilə qanunvericiliyə edilmiş dəyişikliklərə əsasən tədarük qaydasında kənd təsərrüfatı məhsullarının istehsalçılarından alınmış kənd təsərrüfatı məhsulları əhaliyə satılarkən ƏDV həmin məhsulların tam dəyərindən deyil, onların alış və satış qiyməti arasındakı fərq olan ticarət əlavəsindən hesablanılır. Yəni sahibkar 100 manatlıq kənd təsərrüfatı malını istehlakçıya ƏDV-siz 120 manata satdıqda ƏDV-ni 20 manatdan hesablayır. Lakin qanunvericilik bu qaydada ƏDV-nin hesablanması üçün sahibkar tərəfindən həmin malların uçotunun ayrılıqda aparılmasını şərtləndirir. Belə ki, sahibkar həm kənd təsərrüfatı məhsullarının istehsalçısından birbaşa malı alaraq müştəriyə sata bilər, həm də belə malları idxal edərək və ya digər tədarükçü topdansatış fəaliyyəti ilə məşğul olan şəxslərdən alaraq müştərilərə sata bilər. Bu mallar üzrə uçot ayrılıqda aparılmadığı halda bütün məhsulların ümumi dəyərindən ƏDV hesablanmış olacaqdır”.

Nazirlik rəsmisi təyinatı üzrə istifadə edilməyən kənd təsərrüfatı torpaqlarının necə müəyyənləşdirilməsilə bağlı da məlumat verib:

“Təyinatı üzrə istifadə edilən və ya istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı torpaqları Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilən arayışa əsasən müəyyən edilir. Həmin arayışda torpaqların üzrlü və ya üzrsüz səbəbdən istifadə edilməməsi göstərilir. Bu arayışlardakı məlumatlar əsasında həmin torpaqlar üzrə vergilər təyinatı üzrə istifadə edilən və ya irriqasiya, meliorasiya və digər aqrotexniki səbəblərdən təyinatı üzrə istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı torpaqları üzrə torpaq vergisinin dərəcəsi 1 şərti bal üçün 0,06 manat, qeyd olunan torpaqlar istisna olmaqla təyinatı üzrə istifadə olunmayan kənd təsərrüfatı təyinatlı torpaqların hər 100 kvadratmetrinə görə 2 manat məbləğində müəyyən edilməklə hesablanır.

Məlumat üçün bildirim ki, ölkə başçısının 1 iyun 2016-cı il tarixli 928 nömrəli Fərmanında təyinatı üzrə istifadə edilən və ya təyinatı üzrə istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı torpaqlarının müəyyən edilməsi meyarlarının və qaydasının dəqiqləşdirilməsi Nazirlər Kabinetinə tapşırılıb. Bu məqsədlə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən hazırlanmış «Təyinatı üzrə istifadə edilən və ya təyinatı üzrə istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı torpaqlarının müəyyən edilməsi meyarları və qaydasının təsdiq edilməsi haqqında» Qərar layihəsinə Vergilər Nazirliyi tərəfindən təkliflər verilib, görüşlər keçirilib və qarşılıqlı müzakirələr aparılıb. Kənd Təsərrüfatı Nazirliyi tərəfindən fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan kənd təsərrüfatı təyinatlı torpaqlar barədə aktual elektron məlumat bazasının formalaşdırılması yekunlaşdıqdan, torpaqlar və onların mülkiyyətçiləri (və ya istifadəçiləri) barədə məlumatlar həmin elektron məlumat bazasına daxil edildikdən sonra vergilərin düzgün hesablanması məqsədilə Vergilər Nazirliyi və bələdiyyələr real vaxt rejimində, məhdudiyyətsiz və fasiləsiz çıxış əldə etmiş olacaqlar”.