Fərhad ÇAĞTÜRK/  Hollandiyada irqçi bir qrup hazırda tikintisi davam edən “Tevhid” məscidinə hücum edib. AzEuroNews.com-un məlumatına görə, özlərini “ID Verzet”  hərəkətanın üzvləri kimi təqdim edənlər Venlo şəhərindəki məscidin önünə gəliblər.

Məscidin tikintisində çalışanlarla mübahisə edən qrup üzvləri daha sonra məscid binasından “Uzaq dur, Hollandiya bizimdir. Məhəlləmizdə məscid və islamçıları istəmirik” yazılı plakatlar asıblar.

Hadisə ilə bağlı tikilməkdə olan “Tevhid” məscidinin rəhbəri Ahmet Dursun açıqlama verərək bildirib ki, son 30 ildə bu şəhərdə ilk dəfədir belə bir hadisə ilə qarşılaşırlar: “Bu aksiyanı çox üzüntü ilə qarşıladıq. Hollandiya dövləti bizə hər cür şərait yaradır, müsəlmanlara və İslam dininə hörmətlə yanaşır. Biz bu isti münasibəti yerli əhalidən də görürük. Sağ olsunlar. Hadisədən sonra şəhər polisinin rəhbəri gəlib bizi qoruyacaqlarını dedi”.