“Aİ 92 markalı benzinin yaxın müddətdə bahalaşması gözlənilmir. Lakin dizel yanacağında qiymət artımının olması ehtimalı böyükdür.”

AzEuroNews.com Baku.ws-ə istinadən xəbər verir ki, bunu Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban son günlər Aİ 92 markalı benzinin və dizel yanacağının bahalaşacağı ilə bağlı yayılan xəbərlərə rəy bildirərkən deyib.

İlham Şabanın sözlərinə əsasən, Aİ 92 markalı benzinin qiyməti bu yaxınlarda qalxdığı üçün yaxın müddətdə bahalaşması gözlənilmir.

“Lakin dizel yanacağının bahalaşacağı ehtimalı var. Çünki dizel axırıncı dəfə 2013-cü ildə 45 qəpikdən bahalaşaraq 60 qəpik olub. Azərbaycanda maraqlı tendensiya var. Qiymət artımının 4-5 ildən bir olduğu müşahidə edilir. Birdən-birə 30-35 faiz bahalaşır. Çox ölkələrdə isə yanacağın qiyməti hər il 3-5 faiz bahalaşır”, – deyə İlham Şaban qeyd edib.

Yanacağın qiymətində artımın səbəblərinə gəlincə, ekspert bildirib ki, iqtisadiyyatı şaxələnməyən ölkələrdə bu cür qiymət artımları müşahidə olunur.

Tarif Şurasından isə vurğulanıb ki, qeyd olunan yanacaqların bahalaşması məsələsi hələ ki, gündəmdə deyil.