Artıq havalar soyumağa başlayır. Soyuq və bir qədər də yağışlı havalar isti yay günlərini getdikcə geridə qoyur. Dəyişən hava durumu geyimlərdə də özünü büruzə verir. Xüsusilə də xanımlar havanın necə olmasından asılı omayaraq, dəbdən geri qalmamağa çalışırlar. “Bu gün  nə geyinməliyəm”, “toya necə geyinsəm, gözəl görünə bilərəm”, “aksesuarlardan necə istifadə etsəm, doğru olar” kimi suallar hər bir qadının gündəlik həyat tərzinin bir hissəsidir.

Bəs, bu dəyişkən, qızılı payız mövsümündə qarderobumuzda hansı geyimlərə üstünlük verməliyik?

Özbək naxışları, zolaqlar, geniş kəsimlər…

Modelyer Gülnarə Xəlilova Modern.az-a açıqlamasında  payız fəslində hansı  geyimlərin dəbdə olacağından söz açıb. O bildirib ki, xüsusilə kişilərin geyimində əlvanlıq müşahidə ediləcək:

“Son zamanlar bəylərin geyimində əlvanlıq yaranıb.  Çox maraqlı, kreativ geyim nümunələri görürük. Həm idman üslubu, həm də  retro  geyim üslubu gündəmdə olacaq. Ümumiyyətlə, fərqli obrazlar mövcuddur. Bəylərdə məsum baxış və görünüş obrazı yaradan geyimlər  dəbdə olacaq. “Rock and roll” üslubunun yenidən aktivliyi müşahidə ediləcək.  Geyimlər üzərində böyük naxışlar,zolaqlar dəbdədir. Qadın və kişi geyimlərində retro üslublarda özbək naxışlar gündəmdə olacaq. Bu da keçmişin nostaljisini yaşadır. Damalar, zolaqlar, bir çox ölkələrdə istifadə olunan parça naxışları var. Hətta Çində də özbək naxışlarından istifadə olunur. Oğlanların geyimində papaq,  üst-üstə gələn jaket, köynək formaları  gündəmdədir”.

G.Xəlilova qeyd edib ki, digər mövsümlərdə olduğu kimi payız-qış mövsümündə də geniş kəsimli geyimlər dəbdə olacaq:

“Geniş kəsimli şalvarlar gündəmdədir. Ümumiyyətlə, son illərdə həcmli geyimlərə daha çox üstünlük verilir. Obrazlarda geniş kəsim öz sözünü deyir və eyni zamanda rahatdır. Bunun sayəsində həmçinin çəkili insanlar da özlərinə dərd etdiyi artıq çəkiləri gizlədə bilirlər. Hətta incə xanım da sərbəst, boş geyimləri xoşlayır”.

Portağal rəngi aktual olacaq

Modelyer mövsümün aksesuarlarından və dəbdə olacaq rənglərdən də söz açıb:
“Rənglərdən elektrik göy, qırmızı, xardal, yaşıl, bişmiş kərpic rənglərini qeyd etmək olar. Bu mövsümdə həm xanımlarda, həm də bəylərdə portağal, kök rəngi aktual olacaq. Modellər dəyişdikcə, maraqlı formalar yarandıqca rənglər də öz yerini dəyişir.

Aksesuarlar isə  heç zaman dəbdən düşmür. Çünki eynəklər, sırğa, boyunbağı, kəmər, şərflər, çantalar, ayaqqabı kimi aksesuarlar geyimləri tamamlayır. Bu, əslində çox gözəldir. Çünki sadə geyimi aksesuarlara uyğunlaşdıraraq onu fərqli formada təqdim edə bilirsən.

Azərbaycan xalqı dəbə uyğunlaşmağı bacarır. Düşünürəm ki, insanlar daha çox səliqəli düzgün və qəşəng geyinməyə çalışırlar. Bu da sevindirici haldır”.