Fərhad ÇAĞTÜRK / “Almaniyada kilsələrdə sığınacaq verilməsi hallarının artması hələ də gündəmdə ciddi müzakirə olunmaqda davam edir və bəzi siyasi partiyalar bu məsələni gündəmdə saxlamaqdadır”.

“Legat” inteqrasiya mərkəzinin rəhbəri Əlövsət Əliyev
“Legat” inteqrasiya mərkəzinin rəhbəri Əlövsət Əliyev
Bu barədə AzEuroNews.com-a “Legat” inteqrasiya mərkəzinin rəhbəri, hüquqşünas Əlövsət Əliyev məlumat verib. Onun sözlərinə görə, Kilsələrdə Qaçqınlar üzrə Federal Himayə Orqanının məlumatında 2016-cı ilin sonuna kimi 308 halda Almaniyanın katolik və evangolis (protestant) kilsələri tərəfindən qaçqın statusu verilməsi faktı qeydə alınıb: “515 nəfər qaçqın isə, həmin kilsələrin himayəsində olub. Mövcud qaydalara görə, şəxs kilsəyə sığınacaq üçün müraciət etdiyi anda müvafiq səlahiyyətli orqanlara dərhal məlumat verməklə, kilsə araşdırma aparmağa başlayır. Həmin vaxtdan da, Qaçqınlar və Miqrasiya üzrə Federal İdarə (BAMF) ilə kilsələr arasında mübahisə və ya yazışma başlayır. Bəzi hallarda qaçqın statusu verən pastorlar (rahiblər) haqqında da cinayət işi başlanılmalı olur”.

Capture

Ə.Əliyev bildirib ki, federal hökumətlər kilsələrdə qaçqın statusunun verilməsini fərqli qaydalarda tənzimləyirlər: “Hazırda Bavariyada kilsələr tərəfindən 17 halda 65 nəfərə qanunsuz olaraq qaçqın statusu verilməsi faktına görə cinayət işi başlanılıb və istintaq aparılır. Görülən inzibati tədbirlərə baxmayaraq, Almaniyada kilsələrdə sığınacağın tərəfdarları olan şəxslər bu ideyanı dəstəkləmək və genişləndirmək üçün daha geniş tərkibdə birləşməkdə davam edirlər, sığınacaq alanların sayı isə, artmaqdadır”.

Məlumat üçün bildirək ki, Bavariyada kilsə sığınacağının koordinatoru Stefan Rayxelin sözlərinə görə Almaniyada kilsələrin təmsilçiləri tərəfindən “Alliance für Asyl” (Qaçqınlara yardım Aliansı) ictimi birliyi təsis edilməsi planlaşdırılır. Oktyabr ayının 5-də Nurenberq kilsəsində Alyansın təsis konfransı olacaq.

Onu da bildiririk ki, 2017-ci ilin avqust ayının əvvəlinə kimi 351 halda kilsə sığınacağı verilib ki, bu da 2016-cı ilin umumi nəticəsindən daha çoxdur.