Dəyərli həmvətəmlərimiz! Bu sayımızdan etibarən sizlərə “Avropada yetişən nəsil” adlı rubrikamızı təqdim edirik. Bu rubrikada istənilən bir sahədə – elm sahəsində, idmanda, incəsənət sahəsində və ya hər hansı bir digər istiqamət üzrə uğur əldə etmiş uşaqlarımızı sizə tanıdacağıq. Sizin də Almaniyada böyüməkdə olan belə istedadlı balalarımız haqqında xəbəriniz varsa və ya bu uşaqlar elə sizin ailələrinizdə böyüyürsə bizə yazın. Yazın ki, istedadlı balalarımızı bütün Avropaya tanıdaq!

+++

Valeh Hacıyev
Valeh Hacıyev

Valeh Hacıyev 2009-cu ildə doğulub. Futbolla məşğul olur, məşqçiləri onun böyük potensialı olduğuna inanır. 8 yaşı olmasına baxmayaraq artıq məşğul olduğu idman növü üzrə məyyən uğurlara da imza atıb. Məktəblilər arasında keçirilən fotbol yarışında onun çıxış etdiyi komanda qalib olub və Valehin oyunu da çox yüksək qiymətləndirilib. Hazırda Düsseldorf şəhərinin “B.V. 04” futbol kulubunda məşq edir. Məşqçiləri onun istedadına inanır və gələcəkdə uğurlu futbol karyerasına sahib olacağına şübhə etmirlər. Lakin Valeh özü də bilir ki, bunun üçün çox çalışmalı, daimi olaraq öz üzərində işləməli və futbolun sirrlərini daha dərindən öyrənməlidir.

+++

İsmayıl Balakişiyev
İsmayıl Balakişiyev

İsmayıl Balakişiyev 2009-cu ildə Bakıda doğulub. Futbola marağı olduqca böyükdür.  Bu maraq da onu Arnsberq şəhərindəki “SV -O9 Arnsberq” futbol məktəbinə gətirib. Hazırda İsmayıl 8 yaşlılar qrupunda məşq edir. Onun çıxış etdiyi komanda bu il Arnsberq şəhəri və ətraf bölgələrin futbol məktəbləri arasında keçirilən zona yarışında 2-cı yeri tutub. Komanda yoldaşları müxtəlif millətlərdən ibarətdir:  onların içərisində alman, portuqal, braziliyalı, suriyalı və s. millətlərin təmsilçiləri var. Məşqçiləri almaniyalı Hans Peterdir. İsmayılın da daxil olduğu qrupda uşaqlara həftədə 2 dəfə məşq keçirilir. İsmayıl deyir ki, Hans Peter uşaqlarla çox mehribandır  və onlarla dost kimi rəftar edir. Bu da onun futbola həvəsini daha da artırır.

+++

Abdulla Kərimov
Abdulla Kərimov

Abdulla Kərimov lap kiçik yaşlarından idmanın müxtəlif növlərinə maraq göstərir. Hazırda Taekvando ilə yanaşı həm də dama ilə məşğul olur. Artıq bu sahədə xeyli uğur da əldə edib. Məktəblilər arasında keçirilən son turnirdə içtiraçkılar arasında sürətli və uğurlu kombinasıyaları ilə seçilib, rəqiblərini qısa zamanda məğlub etməyi bacarıb. Taekvando kimi damanı da həvəskar oynadığını və bunun sadəcə bir xobii olduğunu desə də, dünya indiyədək bir çox idman növlərinə xobbi kimi maraq göstərən çox həvəskarın sonradan peşəkar və dünya şöhrətli idmançıya çevrilməsinə şahidlik edib. İnanmaq istərdik ki, Abdulla da öz idman karyerasında onu və Azərbaycanı dünyaya tanıdacaq karyera qurmağı bacaracaq.

+++

Samir Əliyev
Samir Əliyev

Samir Əliyevin 10 yaşı var, Almaniyada Ratingen şəhərində yaşayır və elə orda da Taekvando ilə məşğul olur.  Məşqçisinin dediyinə görə, Samirdə yaxşı idman duyumu və çalışqanlıq xarakteri var. Artıq bunun ilk göstəriciləri də özünü biruzə verib. Belə ki, o, 8 oktyabr 2016-ci ildə keçirilən zonalararası Taekvando yarışında 2-ci yerin sahibi olub. Bu il aprel ayının 29-da Kölndə keçirilən Do-Jang Drago Samir əla nəticə göstərərək finala çıxıb. O, yalnız final görüçünü uduzaraq nüfuzlu turnirdə 2-ci yerlə kifayətlənib. Bundan başqa bu il iyulun 8-9 da Essendə keçirilən daha mötəbər TVK Taekwondo Cup turnirində 3-cü yeri tutaraq bürünc medalları qazanıb. Onun Taekwondo idman növündə yaxşı istedadı olduğuna və bu sahədə uğur qazana biləcəyinə həm yaxınları həm də məşqçisi inanır.

+++

Raul Əliyev
Raul Əliyev

Əliyev Raul 2011-ci ildə doğulsa da, artıq idman sahəsində qazandığı nailiyyətlər də var, evə gətirə bildiyi kubok və medallar da.  Şərq idman növlərinə marağı böyükdür həm də, məşqçisi hesab edir ki, Raulun yaxşı istedadı və bunu üzə çıxarmağa potensialı var. Buna nümunə olaraq qeyd edək ki, 2016-ci ilin oktyabr ayında regionlararası yarışa qatılan Raul ilk kiçik uğurunu qazanmışdı. Bu ilin aprel ayında  Kölndə keçirilən Do-Jang Drago 2017 turnirində daha da yaxşı nəticə göstərərək 2-ci pillənin sahibi olub. Sevindirici hal odur ki, Raul daha bir neçə ay sonra – iyulun 8-9 da Essendə keçirilən “TVK Taekwondo Cup” adlı yarışmada artıq ilk pilləni tutaraq yarışların qalibi adını qazanıb. Hamılıqla inanırıq ki, bu istedadlı övladımızın sorağı illər sonra Avropa və Dünya çempionatlarının ən yüksək pillələrindən gələcək.

+++

Nicat Hüseynov
Nicat Hüseynov

Nicat Hüseynov artıq 6-cı sinif şagirdidir. Hazırda “Leibniz Gimnasium”unda təhsil alır. Kimya dərslərini çox sevsə də, əslində bütün fənnlərdən qiymətləri 1-2 dir. Həm dərslərdə davamlı olaraq iştirak etdiyi üçün, həm də öz intellekti ilə seçildiyi üçün gimnaziyada sevimli şagirdlərdən biridir. Nicat deyir ki, Kimya dərslərinə xüsusi marağı olsa da, fizika və biologiya fənnlərinə də maraqla yanaşır. Qeyd etmək yerinə düşər ki, 3 illik təhsili dövründə onun şəkli hər zaman gimnaziyanın öz həmyaşıdlarına aid şərəf lövhəsində olub. Nicat bilir ki, uğur əldə etmək hər zaman çətin zəhmət tələb edir və sevindirici haldır ki, təhsil yolunda heç bir zəhmət onu qorxutmur. Kim bilir, bəlkə də “Leibniz Gimnasium”unun sinif otaqlarında gələcəyin dünyaca məşhur azərbaycanlı alimlərdən biri yetişməkdədir!?

+++

Nihad Hüseynov
Nihad Hüseynov

Nihad Hüseynov cəmi 6 yaşındadır. Bu il 1-ci sinfə gedəcək. İlk baxışda bəlkə də onu öz həmyaşıdlarından çox da fərləndirən amillər olduğunu düşünmək çətindir. Lakin, bu kiçik yaşına baxmayaraq Hihad artıq getdiyi baxçada olimpiada qalibi olub. Oxumağı, yazmağı, rəsm dərslərini çox sevir. Eyni zamanda idmanla da məşğul olur. Xüsusilə üzgüçülüyü çox sevir. Məşqçisi onun bu idman növündə nailiyyət əldə edəcəyinə inanır. Nihad çalışqandır, ona görə də həm təhsil sahəsində həm də, idman sahəsində eyni zamanda uğurlu nəticələr əldə edəcəyinə həm Nihadın yaxınları və doğmaları həm də, bütün onu tanıyanlar inanır!

+++

Yunis Cəfərov
Yunis Cəfərov

Yunis Cəfərov 11 yaşındadır. Artıq peşəkar səviyyədə futbol oynaması ilə seçilir. 2013 cü ildən bu yana Düsseldorf şəhərinin “BV-04” klubunda oynayır. Öz klubunda oynadığı yaş qrupu üzrə bir neçə turnirin qalibi və mükafatçısıdır. Çalıqan olması və futbolda üzə çıxan istedadı onun perspektivli bir oyunçu olmasına böyük ümidlər oyadır. Əsəsən hucumçu mövqeyində oynayır. BV-04 klubunda olduqca peşəkar səviyyəli futbol dərsləri alır. Ən əsası odur ki, o futbolun kollektiv idman növü olmasını və fərdi nailiyyətin deyil, komanda qələbəsnin daha vacib olması haqqında futbol fəlsəfəsini bilir. Lakin təbii ki, fərdi ustalığın yüksək olması hər bir komandanın əsas nailiyyətini təşkil edə bilən məqamdər, buna görə də o öz üzərində çox işləyir. Həmçinin Yunis bu ildən idman gimnaziyasında oxumağı planlaşdırır.

+++

Zeynəb Abdulla
Zeynəb Abdulla

Zeynəb Abdulla, 5 yaşındadır. Öz çevrəsində qeyri-adi aktivliyi ilə seçilir. Getdiyi baxçada tərbiyəçiləri onun çox yaxşı musiqi duyumu olduğunu deyirlər. Bundan başqa Zeynəb həm də çox gözəl rəsm çəkir və çətin gimnastik hərkətləri asanlıqla yerinə yetirə bilir. Zeynəbin öz həmyaşıdları arasında olan özəlliklərindən biri də onun şahmat oyununa olan sevgisidir. Kiçik yaşlarından bu intellektual oyuna maraq göstərən Zeynəb artıq sərbəst şəkildə şahmat oynayır. Müəllimələrinin fikrincə, onun ünsiyyətcilliyi, dinamikliyi, musiqi duyumu, çətin gimnastik hərəkətləri asanlıqla icra edə bilmək bacarığı və intellektual oyunlara olan marağı onu fərqləndirir. Bütün bu fəaliyyətlərinin içində isə Zeynəb şahmatı və rəsm çəkməyi daha çox sevdiyini deyir.

© Avropost qəzeti