Hesablama Palatasının Kollegiyası  Azərbaycan  Dövlət  İqtisad Universiteti  tərəfindən 2012-2014-cü illərdə təhsil haqqı üzrə daxilolmaların uçotunun aparılması, təhsil haqlarının yığılması və Universitetin bank hesabına köçürülmə sahəsindəki nöqsanların ciddiliyini, eləcə də təhsil haqqı üzrə debitor-kreditor borcların uçotdan yayındırılmasını nəzərə alaraq, tədbirlər görülməsi üçün müvafiq materialların Baş Prokurorluğa göndərilməsi barədə qərar qəbul edib.
Qeyd edək ki, 2012-2014-cü illərdə İqtisad Universitetinə deputat Şəmsəddin Hacıyev rektorluq edib.

Məsələ ilə bağlı Modern.az saytı Şəmsəddin Hacıyevlə əlaqə saxlamağa çalışıb. Amma deputatın mobil telefonunu özünü Ramiz kimi təqdim edən şəxs açaraq, “müəllim, hazırda Bakıda yoxdur, xaricdədir. Birisi gün gələcək”cavabını verib.

Konstitusiya Araşdırmaları Mərkəzinin rəhbəri Əliməmməd Nuriyev Modern.az-a bildirib ki, Hesablama Palatasının göndərişi əsasında Baş prokurorluqda fakta görə cinayət işi açıla bilər:

“Araşdırma nəticəsindən asılı olaraq Baş prokurorluq ya cinayət işi açır, ya da işi müvafiq strukturlarda araşdırılması üçün göndərir. Bir qayda olaraq Hesablama Palatası cinayət xarakterli faktlarla rastlaşdıqda prokurorluğa müraciət edir. Ümumilikdə, bu kimi hallarda 90 faiz Baş Prokurorluqda cinayət işi açılır”.

Ə.Nuriyevin sözlərinə görə, Hesablama Palatasının Baş prokurorluğa etdiyi müraciətdə mənimsəmə, səhlənkarlıq və vəzifə səlahiyyətlərini aşma faktları var:

“Ona görə də çox güman ki, Baş Prokurorluqda fakta görə cinayət işi qaldırılacaq. Amma burada konkret hansı şəxsin yaxud şəxslərin – rektor, prorektor, yaxud digər məsul şəxsin təqsirindən baş verməsi araşdırma nəticəsində bəlli olacaq. Hər bir universitetdə bu və ya digər məsələlərin həlli ilə bağlı funksiya və vəzifələr var. Bu vəzifəni kim, necə icra edib, onu Baş        Prokurorluq müəyyən edəcək. İndiki məqamda konkret ad çəkmək doğru olmaz”.

Xatırladaq ki, Azərbaycan Konstitusiyasının 89-cu maddəsinə görə, deputat cinayət törətdikdə və onun barəsində məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olduqda millət vəkilliyindən məhrum edilir və deputat səlahiyyətlərini itirir.

Milli Məclisinin deputatının toxunulmazlığına yalnız Azərbaycan Respublikası Baş prokurorunun təqdimatına əsasən Milli Məclisin qərarı ilə xitam verilə bilər.

Şəmsəddin Hacıyevlə bağlı məsələnin necə sonuclanacağı hələ ki məlum deyil…