Şəbəkədə ən bahalı “iPhone X” smartfonu üçün ən ucuz çexol yaradıldığı ilə bağlı məlumat yayılıb.

İKT.lent.az-ın Inforeactor.ru saytına istinadən məlumatına görə, smartfonlar üçün optika təminatı ilə məşğul olan istehsalçı “Moment” şirkəti telefonu zədələrdən qoruyacaq ən ucuz unikal çexol ideyasını təqdim edib.

Bu çexol adi kartondan düzəldilib, onun xüsusi dizaynı isə tərtibatı istifadədə olduqca rahat və sadə edir. Məlumata əsasən, “Moment” şirkətinin istehsalı olan karton çexolun qiyməti cəmi 58 rubl və ya 1,7 manat təşkil edəcək.

Şirkətin mətbuat xidmətindən əlavə ediblər ki, cəmi 2 dollar ödəməklə çexolun sukeçirməyən versiyasını da əldə etmək mümkündür. Belə ki, bu çexol da eyniliklə kartondur, sadəcə, bağlanan yeri olan polietilen paketə qoyulub. Bu sadə, ancaq unikal çexolun tələbatlı olacağını demək hələlik mümkün deyil. Ancaq şəbəkədə olduqca ucuz qiymətdə olan çexol bir nömrəli müzakirə mövzusu olub.