Fərhad ÇAĞTÜRK/ 2017-ci ilin 9 ayı ərzində Azərbaycanın Təhlükəsizlik və Müdafiə sektorunda ən azı 48 hərbi qulluqçu dünyasını dəyişib. AzEuroNews.com-un məlumatına görə, bu barədə Xəzər Hərbi Tədqiqatlar İnstitutu hesabat yayıb.

Hesabatda qeyd edilir ki, Silahlı Qüvvələrin 17 hərbi qulluqçusu cəbhə xəttində Ermənistan tərəfinin açdığı atəş nəticəsində həlak olub. Bundan başqa 4 hərbiçi xəstəlik nəticəsində, 5 nəfərin intihar etdiyi, 4 nəfərin isə bədbəxt hadisədən (qar uçqunu, tank və ağac altında qalma) dünyasını dəyişdiyi bildirilir. 10 nəfər naməlum hadisə səbəbindən, 4 nəfərsə əsgər yoldaşının açdığı atəş nəticəsində dünyasını dəyişib. 3 nəfər avto-qəzadan, 1 nəfərsə xilasetmə tədbirləri nəticəsində dünyasını dəyişib.

Dünyasını dəyişənlərin 14 nəfəri müddətdən artıq hərbi xidmət keçən hərbi qulluqçu, 24 nəfəri əsgər, 2 nəfəri gizir, 8 nəfərsə zabit olub. Dünyasını dəyişənlərin 41 nəfəri Müdafiə Nazirliyinin, 5 nəfər Dövlət Sərhəd Xidmətinin, 1 nəfər Fövqəladə Hallar Nazirliyinin, 1 nəfərsə Daxili Qoşunların hərbi qulluqçuları olublar.

Ötən dövrdə ümumilikdə 12 hərbi qulluqçu yaralanıb (və ya xəsarət alıb). 3 hərbiçi erməni gülləsindən yaralanıb, 2 hərbiçi isə avto-qəza nəticəsində xəsarət alıb. 4 nəfər xilasetmə əməliyyatları çərçivəsində xəsarət alıb, 3 nəfərin xəsarət almasının səbəbələri açıqlanmır.

Dünyasını dəyişən hərbiçilərdən 4 nəfərinin adı „Cəsus qalmaqalı“ ilə bağlıdır, onlar barədə sosial şəbəkələrdə və eyni zamanda online mediada məlumat yayılıb.

24-25 fevral tarixlərində aparılan hərbi əməliyyatlar nəticəsində Azərbaycan tərəfindən yaralanan və ya xəsarət alan hərbi qulluqçuların sayının daha çox olması ehtimalı var.

Hərbi ilə bağlı məsələlər səbəbindən ötən dövrdə azı 7 dinc sakin həlak olub. 2 nəfər erməni gülləsindən, 1 nəfər mina partlayışından, 4 nəfər isə, naməlum səbəblərdən həyatını itirib. Bir mülki şəxs erməni gülləsindən yaralanıb. Ötən dövrdə bir nəfər Azərbaycan vətəndaşı erməni hərbiçiləri tərəfindən əsir götürülüb.