“Paytaxtımızın yeni görkəmi nəqliyyat sisteminin təkmilləşdirilməsi zərurətini gücləndirib, paytaxt sakinləri və qonaqlar üçün sərnişin daşınmasının keyfiyyətinin artırılmasını və şəhər nəqliyyatının səmərəli tənzimlənməsini labüd edib. İnkişaf etmiş paytaxtımızda nəqliyyat sahəsində yeni çağırışlara cavab olaraq, 2015-ci ilin dekabrında müvafiq Fərmanınızla Bakı Nəqliyyat Agentliyi yaradılıb”.

“Qafqazinfo” xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin baş direktoru Vüsal Kərimli prezident İlham Əliyevin rəhbərliyi ilə keçirilən Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında deyib.

Vüsal Kərimlinin sözlərinə görə,iİctimai nəqliyyat üzrə aparılmış təhlillər nəticəsində Bakı şəhərinin avtobus marşrut xətlərində təkrarlanmaların mövcud olması aşkarlanıb: 

“Şəhər və şəhərsalmaya uyğun olmayan xətlər optimallaşdırılıb, daşıyıcıların sayı 57-dən 48-ə, marşrut xətlərinin sayı isə 157-dən 150-yə endirilib. Bu istiqamətdə işlər davam etdiriləcək.

Qeyd edim ki, 48 daşıyıcıya məxsus istehsalat bazası təhlil edilib və əksəriyyətinin qaraj və maddi texniki bazasının müasir tələblərə uyğun olmadığı müəyyənləşib. Agentlik tərəfindən qoyulmuş tələblər nəticəsində daşıyıcı şirkətlər 5 yeni istehsalat bazası (qaraj) təşkil edib, 25 ədəd yeni avtobus alıb, 800-dən çox avtobusu isə təmir edərək istismara veriblər.

Bununla yanaşı, qeyd etmək istərdim ki, hazırda şəhərdə sərnişindaşıma təyinatlı 2124 avtobusdan 468 ədədinin istehsal ili 5 ilə qədər, 1577 ədədinin istehsal ili 6-10 il arası, 79 ədədinin istehsal ili isə 10 ildən çoxdur. Bir avtobusun bir dəfəyə orta hesabla 70-80 sərnişin daşıdığını nəzərə alsaq, təhlükəsiz və keyfiyyətli sərnişindaşıma üçün Bakı şəhərində fəaliyyət göstərən avtobusların 50 faizinin mərhələlərlə yenilənməsi zərurəti var”.

Baş direktor qeyd edib ki, bütün sahələrdə olduğu kimi, ictimai nəqliyyatda da nağdsız ödənişin tətbiqinə başlanılıb:

“Sizin təşəbbüsünüzlə Bakı Şəhər İcra Hakimiyyətinin tərkibində yaradılan “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətə məxsus 300, digər daşıyıcılara məxsus 150, ümumilikdə, 450 avtobusda, həmçinin hava limanı ekspress xəttində və Bakı metropolitenində də gediş haqqı vahid ödəmə kartı ilə həyata keçirilir”.

V. Kərimli bildirib ki, agentliyin tabeliyində yaradılmış Sürücü Təlim Mərkəzində avtobus sürücülərinin peşə fəaliyyətinə və davranışına dair xüsusi hazırlıq keçirilməsinə başlanılıb:

“Təlimlərə yalnız yaşı, peşəkarlığı və sağlamlığı imkan verən sürücülər buraxılır. Təlimdə sürücülərə zəruri qanunvericilik, mədəni rəftar, psixoloji dərslər, avtobusda təhlükəsiz və ehtiyatlı idarəetmə üzrə təcrübi və nəzəri mövzular tədris olunur. Təlim keçmiş sürücülərin Agentliyin Vahid Məlumat Bazasına daxil edilməsi və daşıyıcılara məhz bu sürücülərin işə götürülməsi tövsiyə olunacaq”.

O, vurğulayıb ki, Bakı şəhərində taksi fəaliyyəti ilə əsasən, özəl sektor məşğul olur:

“Qeyd edim ki, taksi fəaliyyətində şəffaflıq təmin edilib. Belə ki, taksi fəaliyyəti üçün fərqlənmə nişanı almaq istəyən hüquqi və fiziki şəxslər müraciət etdikdən 5-7 dəqiqə ərzində fərqlənmə nişanı ilə təmin olunurlar. Hazırda şəhərdə 79 taksi dayanacaq məntəqəsinin yeri müəyyənləşdirilib və 150-sinin təşkili üzrə işlər aparılır.

Bakı şəhərinin dünyanın cəlbedici turizm mərkəzlərindən birinə çevrilməsini, çoxsaylı turist axınını və şəhər barədə ilk təsəvvürün məhz hava limanından yaranmasını nəzərə alaraq, Heydər Əliyev Beynəlxalq Aeroportunda xarici qonaqlara, ölkə vətəndaşlarına göstərilən taksi xidmətinin keyfiyyətinin artırılması məqsədilə “Airporttaxi” konsepsiyası hazırlanıb, hava limanında xidmət edən taksilərə və onların sürücülərinə dair xüsusi tələblər müəyyən edilib. Hazırda bu istiqamətdə “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə birlikdə işlər görülür”.

Onun sözlərinə görə, Birinci Avropa Oyunları zamanı avtobusların xüsusi zolaqla hərəkət etməsi müsbət nəticə verib və nəqliyyat axının optimallaşdırılması üzrə işlərin davamı olaraq, əhalinin ictimai nəqliyyatdan istifadəsinin stimullaşdırılması məqsədilə şəhərin 9 küçəsində avtobusların xüsusi hərəkət zolaqlarının təşkil edilməsi planlaşdırılıb:

“Bu il pilot layihə olaraq, Məhəmməd Füzuli və Yusif Səfərov küçələrində xüsusi zolaqların çəkilməsi təmin olunub. Aidiyyəti orqanlarla birgə fəaliyyət bu zolaqlardan istifadədə müsbət irəliləyişin olmasını göstərəcək”.

Vüsal Kərimli əlavə edib ki, Bakı şəhərində quraşdırılmış dayanacaq məntəqələrinin yerləri təhlil olunub, beynəlxalq təcrübəyə əsaslanan yeni dislokasiya planı hazırlanıb:

“Tıxacların qarşısının alınması, şəhərin mərkəz hissəsi ilə şəhər ətrafının əlaqələndirilməsi, sərnişinlərin nəqliyyat sistemindən rahat və asan istifadəsi məqsədilə “Koroğlu” metro stansiyasının yaxınlığında və Lökbatan qəsəbəsində layihələndirilmiş nəqliyyat mübadilə mərkəzləri artıq fəaliyyət göstərir. “Dərnəgül”, “Avtovağzal” və “28 May” metro stansiyalarının yaxınlığında da analoji qovşaqların təşkili planlaşdırılır.

Paytaxtımızın mərkəzi hissələrində sərnişin-piyada təhlükəsizliyini təmin etmək məqsədilə 1100 ədəd piyada keçidinin monitorinqi aparılıb, bunlardan 398-nin yenidən planlaşdırılaraq salınması nəzərdə tutulur. Sağlamlıq imkanları məhdud insanların istifadə etməsi mümkün olmayan 32 ədəd yeraltı piyada keçidinin, pandussuz səkilərin vəziyyəti araşdırılıb və 534 ədəd səkidə pandusun təşkili üçün satınalma prosedurlarına başlanıb. Bu baxımdan piyada keçidlərində işıqforların və sərnişin təhlükəsizliyi üçün məlumatlandırıcı yol nişanlarının quraşdırılması zəruridir.

Eyni zamanda, şəhərin ən çox tıxac yaranan, nəqliyyatın hərəkətini çətinləşdirən ərazilərinin ilkin təhlilləri aparılıb, problemdən çıxış yolları elmi-texniki cəhətdən araşdırılıb. 74 yol kəsişməsində, Tbilisi prospektində dörd əsas kəsişmədə, Şərifzadə küçəsində, Heydər məscidi qarşısında, üçüncü mikrorayon dairəsində, Həsənoğlu-Təbriz küçələrinin kəsişməsində nəqliyyat problemlərinin aradan qaldırılması, “20 Yanvar” dairəsində nəqliyyat axını və sərnişin-piyada təhlükəsizliyinin yaxşılaşdırılması üzrə az investisiya tələb edən layihələr, habelə 17 ədəd yerüstü keçidin tikilməsi ilə bağlı təkliflər hazırlanıb”.