Sahibkarların obyektləri əlindən alınacaq

Əsaslı təmirlə əlaqədar Bakı Dəmiryol Vağzalının ətrafındakı 30-dan çox obyekt söküləcək. Artıq ərazidə işləyən sahibkarlara dükanlarını boşaltmaları barədə xəbərdarlıq da edilib. Təmir işlərinin 4-5 ay çəkəcəyi gözlənilir. Elə sahibkarları da bu müddət ərzində harada işləyəcəkləri narahat edir.

Məsələ ilə bağlı Azərbaycan Dəmiryolları Qapalı Səhmdar Cəmiyyətindən bildirilir ki, ərazidə fəaliyyət göstərən 30 obyektdən cəmi 5-i qanuni şəkildə özəlləşdirilib: “Qalanları isə hələ 90-cı illərdə qanunsuz yolla müxtəlif şəxslər tərəfindən zəbt edilərək icarəyə verilib. Ərazidə yeni obyektlər tikildikdən sonra isə cəmi 5 sahibkara öz yerləri veriləcək. Digərləri isə dövlət əmlakını icarəyə götürərək işləyə biləcəklər. Elə dəyişiklikdən narazı olanlar da gələcəkdə icarədar kimi fəaliyyət göstərəcək sahibkarlardır”.

Tikinti-təmir işlərinin davam edəcəyi müddətdə sahibklarlara hər hansı kompensasiyanın verilib-verilməyəcəyi məsələsi isə açıq qalır.

Qapalı Səhmdar Cəmiyyətindən bildirilir ki, yeni obyektlərlə bağlı narazılığı olan sahibkarlar onlara müraciət edə bilərlər.