Yunis Cəfərov /AzEuroNews.com/ Bakı…16 oktyabr. Bakıda güclü külək var. Amma bu külək şəhərdə nə qədər güclüdürsə, Bakıxanov qəsəbəsində yerləşən “Uğur-2” yaşayış kompleksinin həyətində beş qat dəhşətlidir.

Gözləyirlər faciə ola

Elə buna görədir ki, 8 binanın hər birində külək əsəndə fasadlardan alkoponlar qopmalıdır, şüşələr qırılmalıdır. İl uzunu bu hallar o qədər təkrarlanır ki, sakinlər belə yaşamağa vərdiş ediblər.

Di gəl ki, bir gün şüşələrdən biri çiliklənib ya kiminsə başına, ya da həyətdəki maşınların üstünə töküləcək. Ondan az təhlükəli olmayan alkopon da binalardan qopub yerə gələndə hansısa faciə qaçılmaz olacaq.

22538285_10208244551551808_288943042_n

Yerli sakinlər isə deyirlər ki, “Akkord” tikinti şirkətinin inşa etdiyi bu kompleksdəki vəziyyət qətiyyən onları narahat eləmir:

“Mətbuata şikayət eləməkdən, şirkətə yazmaqdan yorulmuşuq. Şəkillər çəkib göstəririk, yenə də faktdan qaçırlar.

Bu qədər laqeyd, məsuliyyətsiz şirkət rəhbərliyi görməmişdik. Gərək Allah iraq eləsin, kiminsə başına binadan qopan alkopon düşsün, ya bir uşağa xəsarət yetirsin, onda tərpənsinlər”.

22551400_10208244551431805_464150213_n

Sakinlərin dediyinə görə, prezidentin tapşırığı olub: “Bir neçə vaxt qabaq prezident aeroport yolundan keçəndə binaların fasadlarının dəyişməsini tapşırmışdı.

Bu o vaxt idi ki, Binəqədidə bina yanmışdı, ölənlər olmuşdu. Onda şirkət əl-ayağa düşüb başladı fasadları soymağa. Biz də sevindik ki, nə yaxşı üzlüklər dəyişəcək. Ancaq çox keçmədi ki,iş yarımçıq saxlandı.

O söhbət də bağlandı. Nə yada düşdü, nə işi davam elədilər. Prezidentin göstərişinə əməl etmədilər, hələ ayrılmış pulun hara getməsi də məlum deyil”.

Kvadratda fırıldaq və…

Sakinlər bildirirlər ki, liftlərin bərbad vəziyyətdə olması, 3 liftdən 1-nin işləməməsi, həyətdə və binaların dəhlizlərində işıqlandırmanın zəif olması, mərtəbələrdə balkona çıxış qapılarının olmaması problemi illərdir ki, dəyişməz qalır:

“Qışda külək soyuğu qapısız balkonlardan sovurub mənzillərə daşıyır. Yağışlı-qarlı havalarda liftin qabağında gözləmək olmur, külək adamı uçurur.

Yaxşı ki, cibimizdən pul qoyub damafon problemini həll etmişik. Şirkət nə damafon işini həll etdi, nə kart sisteminə keçdi ki, həyətə girişdəki şlaqbaumlar işləsin, nə də prezidentin tapşırığına əməl olundu”.

22551796_10208244551231800_1911260819_n

Camaat narazılıq edir ki, şirkət həm “kupça” məsələsini tezliklə həll etməlidir, həm binaların həyətinə girişdə təhlükəsizlik problemi aradan təcili qalxmalıdır, həm kommunal ödənişlərin məbləği azaldılmalıdır.

Şikayətçilər deyirlər ki, onsuz da mənzillərin kvadratmetrində insanları aldadıblar: “Akkord millətə kələk gəlib.

Yoxlasanın hər mənzilin kvadratında 5-6 kv saxtakarlıq olunduğu aşkara çıxacaq. Hətta neçə il qabaq bir sakin şirkəti məhkəməyə verib və kompensasiya tələb edib”.

Sakinlər hazırlaşırlar ki, tək-tək evlər ölçsünlər, müqavilədəki rəqəmlə müqayisə edib ona uyğun hüquqi addımlar atsınlar.

Belə görünür ki, yaxın vaxtlarda kütləvi şəkildə məhkəməyə müraciət edənlər olacaq. Çünki mənzillərdə kvadrat fırıldağı iddiaları var.