Ölkələrin passport güclərini qarşılaşdıran “Passport Index” adlı internet saytı dünyanın ən güclü pasportunun olduğu ölkələrin siyahısını açıqlayıb.

Publika.az xəbər verir ki, ən güclü pasport vətəndaşlarının 159 ölkəyə vizasız giriş edə bildiyi Sinqapura aiddir.

Sinqapur bu statusa Uruqvayın tətbiq etdiyi məhdudiyyətləri aradan qaldırdıqdan sonra yiyələnib.

Beləliklə, ilk dəfə bir Asiya ölkəsi dünyanın ən güclü pasportuna sahib olub.

Təxminən 3,4 milyon sinqapurlu 159 ölkəyə vizasız səyahət edir və ya vizanı getdikləri ölkənin sərhəd qapısında alırlar.

Siyahının ikinci pilləsində vətəndaşları 158 ölkəyə vizasız səyahət edə bilən Almaniya yer alıb. Almanları 157 ölkəyə vizasız gedən İsveç və Cənubi Koreya izləyir.

ABŞ, Malayziya, İrlandiya və Kanada 6-cı sırada yer alıb. ABŞ-ın ən güclülər siyahısından enməsinə Türkiyə ilə aralarında yaşanan viza böhranı səbəb olub.

Siyahının son sırasında sadəcə 22 ölkəyə vizasız gedə bilən Əfqanıstan qərarlaşıb.