Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarəyə qarşı verilmiş hər 3 şikayətdən biri uğurla nəticələnir. AzEuroNews.com “Azlegat.com”a istinadən xəbər verir ki,  „Rheinische Post“ qəzetinin məlumatına görə, Almaniyada məhkəmələr 2017-ci ilin birinci yarısına qədər 50 min 915 iş haqda qərar qəbul edib. 14 min 339 nəfərin şikayəti təmin edilib.

► İlin birinci yarısınadək 322 min şikayət İnzibati və Ali İnzibati Məhkəmələrə təqdim edilib. Bu rəqəm ötən ilə nisbətdə 5 dəfə çoxdur. Hüquqşünas və ekspert Berenis Böhlonun fikrincə, şikayətlərin artmasının səbəbi Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarənin (BAMF)  sığınacaq axtaranlar haqda qərar verən məmurlarının peşəkarlıq səviyyəsinin aşağı düşməsidir: “Bir neçə sualla sığınacaq axtaran şəxs barədə qərar vermək yalnışdır”.

►  “Pro Asyl” təşkilatından Bernd Mesovik isə bildirib ki, hazırda inzibati məhkəmələr 80% qaçqınlar və qaçqın statusu üçün müraciət etmiş şəxslərin işləri ilə məşğuldur.

Qeyd edək ki, məhkəmə işlərində artım 2015-ci ilin sonlarında Suriyadan Almaniyaya gəlmiş şəxslərə bir illik qorunma hüququ (subsidiär Schutz) verilməsi ilə bağlı qəbul edilmiş qərardan sonra müşahidə olunub. Bu halda sığınacaq almış şəxslər “Ailə birləşməsi” proqramından yararlana bilmirlər. Onlar məhkəməyə müraciət edərək qaçqınlıq statusunun dəyişdirilməsini tələb edirlər.