Yunis Cəfərov/AzEuroNews.com/ Bakı ► ► ► İstanbulda həbs edilən Keşlə gömrük postunun rəisi, polkovnik Namiq Canıyevin fevralın sonunda məhkəməsi başlanacaq.

AzEuroNews.com-un məlumatına görə, onun vəzifəsindən azad edilib-edilmədiyinə dair Dövlət Gömrük Komitəsi rəsmi açıqlama verməsə də, azadlığa buraxılacağı gözlənilmir.

► Gömrük Komitəsindən susqunluq

Hətta Azərbaycanın yüksək çinli generallarından birinin N.Canıyevin buraxılması üçün Türkiyənin hakim elitasına və Dubayda mənzillənmiş şəxslərə minnətçi düşdüyü iddiaları səslənir.

 

Lakin gömrük polkovnikinin həbsdən azad olunması yaxın gələcəkdə nəzərdə tutulmur. Əksinə, bəzi xəbərlərə görə, kriminal aləmdə yeni era başlanıb.

Türkiyədə həbs həyatı yaşayan polkovnikin Namiq Lənkəranski statusu ilə avtoritetlərin cərgəsinə qoşulacağı gözləntisi də var.

Təbii ki, bütün bu ehtimallar və informasiyalar versiya olaraq aktuallığını saxlayır. Qeyd edək ki, N.Canıyev ötən ilin avqustunda İstanbulda qətlə yetirilən nüfuzlu kriminal avtoritet Rövşən Lənkəranskinin qardaşıdır.

Gömrük polkovniki “Lotu Quli” ləqəbli kriminal avtoritet Nadir Səlifova sui-qəsd üçün İstanbula gedib və dəstəsi ilə şəhərdəki ticarət mərkəzlərinin birində toplantıda həbs edilib.

Ona N.Səlifova sui-qəsd ittihamı verilməsindən çıxan nəticə ondan ibarətdir ki, N.Canıyev qardaşının qətlində “Lotu Quli”nin əlinin olduğunu hesab edir.

Eyni zamanda R.Lənkəranskinin sahib olduğu biznes və bazarlara N.Səlifovun sahib çıxacağını düşünərək bu addımı atıb.

► Ded Xasan” və Bayıl türməsi – tarixçə

Rusiyada başlayan, Ukrayna, Gürcüstan və Türkiyəyə də sıçrayan bu mafiya hesablaşmaları 16 yanvar 2013-cü ildə Rusiyanın tanınmış mafiya liderlərindən “Ded Xasan” ləqəbli Aslan Usoyanın öldürülməsiylə başlayıb.

Onun qətlini təşkil etdiyi iddia edilən Rövşən Lənkəranski ötən il Beşiktaşda öldürülüb. Bu sui-qəsdin cavabdehi olduğu deyilən “Lotu Quli”nin adamlarından Elşən Əmircanski də 11 sentyabr 2017-ci ildə Gürcüstanda öldürülüb.

”Lotu Quli” ilə ən titullu “oğrular” arasında problem Bayıl təcridxanasında baş vermiş bir hadisədən başlayıb.

“Quli” “böyük qardaş” – “Sabirabadlı Hikmət” kimi tanınan Hikmət Muxtarova əl qaldırıb.

Məhz bu hadisədən sonra digər azərbaycanlı oğrular da bu və ya digər dərəcədə tərəf tutmağa başlayıblar.

Bu barədə o zaman lent.az yazıb. “Lotu Quli”nin o vaxt cəza çəkdiyi 13 saylı cəzaçəkmə müəssisəsində öldürülməsi planını Rövşən Lənkəranskinin klanına daxil olan İlqar adlı şəxs hazırlayıb.

O, “Lotu Quli” ilə eyni həbsxanada cəza çəkən Hikmət Muxtarovla (Sabiraabadlı Hikmətin ad-soyad adaşı) hansısa yolla yaxın münasibət qurub.

Daha sonra “Lotu Quli”ni həbsxanada öldürmək üçün inanılmış adam tapdığını “Rövşən Lənkəranski”yə çatdırıb.

Sonuncu bu təkliflə razılaşıb və məsələnin həllini İlqara həvalə edib. Ancaq plan baş tutmayıb, çox güman ki, “Lotu Quli”nin həbsxanada ona sui-qəsd hazırlanmasından xəbəri olub və zəhərləmə əməliyyatı alınmayıb.

► “Quli”nin proqonu: “Lənkəranski heç kimdi”

Bundan sonra kriminal aləmdə azərbaycanlılar arasında parçalanma dərinləşib, tərəflər çoxsaylı itkilər verib.

Öldürülənlər sırasında bir çox “qanuni oğru”lar “Sabirabadlı Hikmət”, “Otar”, “Nardaranlı Mirseymur”, “Ağbaş Çingiz” və başqaları olub.

Həmin “sxodka”da iştirak edənlərdən biri də Rövşən Lənkəranski olub. Bir sözlə, “sxodka”nın qərarını Lənkəranski də dəstəkləyib.

Təbii ki, belə olan halda onunla “Quli” arasında münasibətlər korlanmalı idi. Digər tərəfdən, kriminal aləmdə Gürcüstan klanı “Quli”ni “oğru” kimi qəbul edirdi.

Rövşən Lənkəranskinin bu klanın xaç atası sayılan Aslan Usoyanla (“Ded Xasan”) problemi olduğu isə heç kimə sirr deyildi.

Nüfuzlu azərbaycanlı qanuni oğrular qətlə yetirildikdən sonra həmin “sxodka”dan sağ qalan təkcə “Lənkəranski” idi deyə, “Quli” onun haqda Azərbaycan və Rusiya həbsxanalarına “proqon” göndərir.

Həmin “proqon”da “Rövşən Lənkəranski”nin qanuni oğru adından məhrum edildiyi bildirilir.

Lent.az internet resurslarının və mənbənin köməkliyi ilə həmin “proqon”un mətnini də əldə edib.

Orada deyilir: “Hər vaxtınız xeyir olsun, məhbuslar. Sizə və Oğru Evinizə rifah və sülh diləyirəm. Ən xoş hisslərlə sizi oğru qardaşlar adından salamlayıram. Əvvəlcə sizlərə bir-birinizlə mehriban və ayrılmadan yaşamağı arzulayıram.

Oğru qanunlarına uyğun nümunəvi məhbus həyatı yaşayan məhbus kimi sizlərin də bu müqəddəs qanunlara hörmətlə yanaşdığınızı bilirəm.

Həmçinin, bildiyiniz kimi, oğru proqonları məhz oğrular tərəfindən verildiyinə görə, bir oğru kimi mənim proqonuma da hörmətlə yanaşacağınızı bilirəm.

Kim oğru qanunlarını tapdalayacaqsa, onun cəzası da oğru qanunlarıyla veriləcək. Aramızda bir sıra problemlər olub, var və olacaq. Amma biz bütün problemləri öz qanunlarımızla həll edəcəyik.

İndilikdə isə sizə Rövşən Lənkəranskiylə bağlı məqamı çatdırmaq istəyirəm. Hamınız biləsiniz ki, Rövşən Lənkəranski heç kimdi və o, adı öz üzərinə götürə bilməz.

Bu, oğruların qərarıdır. O ki qaldı Hacı (“Beyləqanski”) və Rüfətə (“Gəncinski”) onlar yalançıdırlar. Belə yaramazlar bütün zamanlarda olub və onlardan bütün ciddiliklə hesab sorulacaq.

Sizə uğurlar və qızıldan da qiymətli olan azadlığı arzulayıram. Özünüzü və oğru ideyalarınızı qoruyun. Bu proqon Azərbaycanın və Rusiyanın bütün həbsxanalarına yayılsın. Ən xoş arzularla Oğru Quli”.

Məhz bundan sonra Azərbaycanlı “qanuni oğru”lar Moskvada qanlı “razborka”lara start verirlər.

https://www.gazeteduvar.com.tr/turkiye/2017/11/08/avmde-intikam-randevusuna-baskin/