Emil Salamoğlu/AzEuroNews.com/ Bakı ► ► ► …Bura Amsterdam deyil, Bakıdır. Hollandiyada marixuana satışı leqal olduğuna görə onu əldə edə bilərsiniz, bizdə isə mümkün deyil…(?)

► İrandan qaçaqmal yolla…

Necə, necə, mümkün deyil??? Buyurun, aptekə girib əczaçıdan tramadol dərmanı istəyin, sonrası…

Biz bu məsələni araşdırarkən heyrətamiz nüanslar ortaya çıxdı.

Əslində, hüquq-mühafizə orqanları ilə birlikdə Səhiyyə Nazirliyi, Respublika Narkoloji Mərkəzi tramadol dərmanı barədə ciddi araşdırmalar aparmalı, tərkibini yoxlamalı, maarifləndirici tədbirlər görməli, həyəcan təbili çalmalıdır.

Hələ bu ayrı mövzunun sualıdır ki, Astara gömrük məntəqəsindən tramadol dərmanları necə keçirilir?!

Bəli, Bakıda 870 aptek fəaliyyət göstərir. Onların əksəriyyəti “Avromed” və “Zəfəran” apteklər şəbəkəsinə aiddir.

aptek 1

Mənbəmiz danışır ki, paytaxtda heç də 870 aptekdə həmin narkotik tərkibli kapsulalar satılmır. Təqribən 10-15 aptekdə tramadol dərmanının satışı gizli şəkildə həyata keçirilir.

Onların da bəziləri hüquq-mühafizə orqanları tərəfindən təsbit edilib, qalanları isə satışı müvəqqəti dayandırıblar ki, ələ keçməsinlər.

Bu dərmanlar İran istehsalıdır. İddialara görə, ölkə ərazisinə qaçaqmal yolla keçirilir və  gizli satışı təşkil olunur.

► 5-10 manata satışda…

Nədir, tramadol? Onu kimlər alırlar?

Narkotik tərkibli bu dərman əslində, həkim resepti ilə verilməlidir. Azərbaycanda isə altdan satılır. Onun 150 və 300 dozalı olanları var. 150 doza 5 manat, 300 dozalı tramadol isə 10 manatdır.

Bu dərman güclü asılılıq yaradır və insan şüuruna çox ağır psixoloji təsir edir. Hətta narkotikdən daha ağır effektləri var.

Bu dərmandan asılılıq o həddə çatır ki, vaxtında qəbul etməyəndə qaşınma, dəri-zöhrəvi xəstəliyi, tərləmə, halsızlıq, ürəkgetmə halları baş verir. Tramadol istifadəçilər arasında sonsuzluğa yol açır. Nəticəni özünüz hesablayın…

Bu preparatdan ancaq güclü ağrısı olanlar, məsələn, xərçəng xəstələri istifadə edə bilərlər. Həmin dərmanın əlavə təsirindən biri də bu dərmanın asılılıq yaratmasıdır.

Həmin dərmanlar eyforiya yaradır, onu qəbul edən şəxs reallığı görə bilmir, şüur pozğunluğuna səbəb olur.

Tramadol dərmanlarını yalnız 14 yaşından yuxarı xəstələr qəbul edə bilərlər. Güclü narkosərxoşluq və asılılıq yaradan narkotik vasitə kimi Ukraynada, Belarusda dövriyyəsi qadağan olunub.

Həmçinin, “Lirika” tərkibli dərmanlar da psixotrop dərmandır. Bu dərmanların satışı Bakıda qadağan edilib.

aptek 2

► 38 milyon adam öldürüb

Səhiyyə Nazirliyi 2013-cü ilin yanvarından “Lirika” preparatının fayda və risk nisbətləri monitorinq və araşdırmalarla tam qiymətləndirilənə qədər bu həblərin satışını dayandırıb və dövlət qeydiyyatından çıxarıb.

Məlumat üçün bildirək ki, tramadol və lirika həbləri narkotiklə birgə qəbul olunanda narkotikin təsirini uzadır. Bundan əlavə, uyuşdurucu təsiri göstərir.

Bir arada Bakıxanov qəsəbəsində yerləşən apteklərdə bu narkotik dərmanın satışı açıq həyata keçirilirdi. Sonra tamamilə yığışdırıldı.

1960-cı ildən 2004-cü ilə qədər “Tramadol”un yaratdığı asılılıq nəticəsində 38 milyon insan ölüb. Çox təəssüflər olsun ki, bu gün nəinki xarici ölkələrdə, Azərbaycanda da bu dərmanın reseptsiz satışına şərait yaradan apteklər var.

Bu preparatdan yalnız sağalmayan və ağır durumda olan xəstəliklər üçün istifadəyə icazə verilir. Əks təqdirdə qeyri-qanunu psixo-preparatların dövriyyəsi ilə məşğul olmaq cinayətdir

► “Best Pharma” MMC aptekində əməliyyat

Qeyd edək ki, Bakı Şəhər Prokurorluğu və Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən paytaxtda fəaliyyət göstərən apteklərdə güclü təsir edən dərmanların qanunsuz satılmasına dair yayılmış məlumatlarla əlaqədar zəruri tədbirlər həyata keçirilməkdədir.

Rəsmi məlumata görə, noyabrın 13-də “Best Pharma” MMC-yə məxsus Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 148 ünvanında fəaliyyət göstərən aptekdə işləyən Natiq İsmayılovun həkim resepti olmadan narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə hesab edilən tramadol 225 mq-lik tərkibli “Royal” adlı və preqobalin tərkibli “Paden” adlı 7 ədəd həbi qanunsuz satmasında əsaslı şübhələr müəyyən edildiyindən noyabrın 11-də Bakı Şəhər Prokurorluğunda fakta görə Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 240.2.2-ci (təkrarən narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri qanunsuz satma) maddələri ilə cinayət işi başlanıb.

Aparılmış təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri zamanı qeyd edilən aptekə baxış keçirilərkən 42 ədəd hər biri 300 mq olan “Lyrica pfizer” həbləri, güclü təsir edən dərmanların dövriyyəsi ilə bağlı qeydiyyat dəftərləri, təhlükəsizlik kamerasının yaddaş qurğusu aşkar edilərək maddi sübut kimi götürülüb.

Bundan başqa, aptekin faktiki rəhbəri İlham Yusifovun Cinayət Məcəlləsinin 308.1 və 240.3.2-ci maddələri ilə iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərar qəbul edilib, lakin sonuncu istintaqdan gizləndiyi üçün barəsində axtarış elan edilib.