Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp telefonla Şimali Koreya və Əfqanıstandakı vəziyyət və İranın nüvə proqramı ilə bağlı məsələləri müzakirə ediblər.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə çərşənbə axşamı Kremlin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, tərəflər Şimali Koreya yarımadasındakı vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar və problemin danışıqlar və diplomatik vasitələrlə həlli yollarının axtarılmasının məqsədəuyğun olduğunu qeyd ediblər.

Məlumatda bildirilir ki, iki ölkə lideri həmçinin terror və narkotik təhlükəsinin artması ilə əlaqədar narahatçılıq yaradan Əfqanıstandakı vəziyyətə toxunublar.

“İranın nüvə proqramı ilə bağlı yaranan vəziyyət də müzakirə olunub”, – deyə məlumatda vurğulanıb.