Sərnişindaşıma ilə məşğul olan sürücü avtobusu saatda 90 kilometr sürətlə idarə edir. AzEuroNews.com “Xəzər xəbər”ə istinadən xəbər verir ki, sərnişindaşıma ilə məşğul olan sürücü saatda 90 kilometr sürətlə avtobusu qapısı açıq şəkildə idarə edir. Avtobusun içərisi sərnişinlərlə dolu olduğundan bir neçə nəfər sallaşaraq gedir.

Buna baxmayaraq, sürücü avtobusu saxlayaraq sərnişin yığmağa davam edir.

Kadrlar ötən gün izləyicilərimizdən biri tərəfindən çəkilərək votsap nömrəmizə göndərilib.

Məlum oldu ki, sözügedən avtobus 156 nömrəli xəttə məxsusdur. Bu xəttdə işləyən avtobuslar metronun ”Əcəmi” stansiyası yaxınlığından, Hökməli qəsəbəsinə və əks istiqamətdə sərnişindaşımada istifadə edilir.

Kadrlarda ilk baxışda həmin xəttdə avtobusların sayının az olduğu da görünür.

Məsələni araşdırmaq üçün sözügedən avtobusların son dayanacağına getdik. Sürücülər bildirdilər ki, 156 saylı xəttdə cəmi 4 avtobus var. Sayın az olmasına baxmayaraq, bu avtobuslar sərnişinlərin mənzilbaşına çatmasına kifayət edir. Belə sıxlıqlar isə adətən pik saatlarında yaşanır.

Sürücülər bildirdilər ki, sərnişin sıxlığı nəzərə alınaraq yaxın vaxtlarda xətdəki avtobusların sayı artırılacaq.

Bakı Nəqliyyat Agentliyindən isə bildirildi ki, görüntülərlə bağlı araşdırmalar aparılacaq. Bu kimi xoşagəlməz halların təkrar yaşanmaması üçün sərnişin daşıyan şirkətə təlimatlar veriləcək.

[youtube https://www.youtube.com/watch?v=OegZ-SXPpIU]