Yunis Cəfərov/Azeuronews.com/Bakı ► ► ►  Paytaxtın Nizami rayonunda mərhum prezident Heydər Əliyevin əkdiyi ağacları kəsənlərin əsl kimliyi üzə çıxıb.

Azeuronews.com-a verilən məlumata görə, Nizami rayon icra başçısı Arif Qasımovun həmin ərazidə ağac qətliamındakı şərikləri məlum olub.

► Dörd şərikin əməliyyatı

Bildirilir ki, Qara Qarayev prospekti 108 saylı binanın qarşısında kəsilən yaşıllıqların sifarişçiləri yüksək vəzifəli məmurlardır.

Məlumatlara görə, icra başçısının şərikləri Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Baş Mübarizə İdarəsinin əməkdaşı Vüqar Məmmədov, atası İlham Məmmədov və onun qudası Sumqayıt Şəhər İnzibati-İqtisad məhkəməsinin sədri İslam Əliyevdir.

Sumqayıt Şəhər İnzibati-İqtisad məhkəməsinin sədri İslam Əliyev
Sumqayıt Şəhər İnzibati-İqtisad məhkəməsinin sədri İslam Əliyev

Nizami Rayon İcra Hakimiyyəti tərəfindən həmin ərazidə tikintiyə verilmiş icazə sənədində V.Məmmədovun atası İlham Məmmədov adlı şəxsin adı keçir.

İ.Məmmədov da Nizami RİH-nin xeyir-duası ilə ərazidəki yaşıllıqları hasara alıb qırdırıb.

Ancaq İ.Məmmədovun bu işdə tək şəriki prokurorluqda işləyən oğlu və Nizaminin icra başçısı Arif Qasımov deyil, eyni zamanda qudası İslam Əliyev də ortaqdır.

Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov
Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov

İ.Əliyev Sumqayıt Şəhər İnzibati-İqtisad məhkəməsinin sədridir. Bunu İ.Məmmədov yaxın çevrəsində etdiyi söhbətlərdə çəkinmədən və güvənərək açıqlayıb. İ.Əliyev Ali Məhkəmənin hakimi olub və ötən ilin martında bu vəzifəyə təyin edilib.

Yəni, prezident İlham Əliyevin xeyir-duası ilə məhkəmə sədri təyin olunan İ.Əliyev hazırda dövlət başçısının atası, mərhum prezident Heydər Əliyevin vaxtilə əkdiyi ağacları kökündən qopardıb kəsdirir və şərikli obyekt tikdirir.

► Leyla Əliyevanın layihəsinə qarşı…

Hazırda sözügedən obyektin tikintisinə hazırlıq işləri gedir. Halbuki, paralel olaraq IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə respublikanın bir çox yerlərində ağacəkmə kampaniyaları həyata keçirilir.

Prezident İlham Əliyev və ailə üzvləri ağac əkərkən
Prezident İlham Əliyev və ailə üzvləri ağac əkərkən

Ancaq Nizaminin icra başçısı başda olmaqla, 4 şərik L.Əliyevanın ekoloji layihəsinə qarşı gedərək Q.Qarayev 108 saylı binanın qarşısında təbiətə qənim kəsilir, onun mərhum babasının əkdiyi yaşıllıqlara “divan tutur”lar.

► Ekologiya və ədliyyə nazirinə müraciət

Həmin ərazinin sahibi olan “Ümid” Elmi İstehsalat Kommersiya Assosasiyasının (EİKA) nümayəndəsi Faiq Nəcəfov AzEuroNews.com-a bildirib ki, oktyabrın 21-də prezident İlham Əliyevə, ədliyyə naziri Fikrət Məmmədova, baş prokuror Zakir Qaralova, Bakı Şəhər İcra Hakimiyətinin başçısı Hacıbala Abutalıbova və Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımova müraciət ünvanlanmışıq:

“Baş Prokurorluğa etdiyimiz müraciət Bakı Şəhər İcra Hakimiyyətinə, ordan isə Nizami Rayon İcra Hakimiyyətinə qaytarılıb.

Bizim şikayətimiz Nizami rayon İcra Hakimiyyətindən olduğu halda, işimizə baxılması üçün təzədən bu quruma göndərirlər. Bu ona oxşayır ki, “sənə yar, səndən yar, şikayətim var”.

Ədliyyə nazirinə göndərdiyimiz şikayətə cavabda isə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət etməyimiz tövsiyyə olunub.

Heydər Əliyevin zamanında əkdiyi Nizami rayonundakı ağacların məhv edilməsi
Heydər Əliyevin zamanında əkdiyi Nizami rayonundakı ağacların məhv edilməsi

Bizim cənab Fikrət Məmmədova müraciət etməkdə məqsədimiz Bələdiyyələrlə İş Mərkəzinə Bakı şəhər İcra Hakimiyyəti tərəfindən təzyiqlər göstərilməsi və müqaviləmizin ləğvinə əsassız cəhədlər göstərilməsiydi.

Eyni zamanda rayon bələdiyyəsinə götərilən təzyiqlərlə bağlı cənab nazirə yazmışdıq. Cənab nazir isə ekologiya nazirinə müraciət etməyi məsləhət görüb.

Ona görə də biz cənab Hüseynqulu Bağırova müraciət edirik ki, çıxarılan 70 ədəd ağacın hara əkildiyi barədə bizimlə bərabər qeyd olunan ərazinin sakinlərinə cavab versin. O ağaclar Ulu öndər tərəfindən əkildiyi üçün bizə çox əziz və müqəddəsdir”.

F.Nəcəfov ədliyyə nazirinə müraciətində Sumqayıt Şəhər İnzibati-İqtisad məhkəməsinin sədri İslam Əliyevin əməlləri barəsində ölçü götürülməsini xahiş edir.

► “Bakının ağ ciyərini zəhərləyirlər”

EİKA nümayəndəsi Korrupsiyaya Qarşı Baş Mübarizə İdarəsinin sədri Kamran Əliyevə də müraciət edərək idarənin əməkdaşı Vüqar Məmmədovla bağlı araşdırma aparılmasını xahiş edir:

“Korrupsiyaya Qarşı Baş Mübarizə İdarəsi ölkəmizdə ağacəkmə kampaniyalarına dəstək verən qurumlardan biridir. Bu idarənin dəstəklədiyi işə isə öz əməkdaşı Vüqar Məmmədov saymazyana yanaşır, ağac əkmək yerinə, olanları da kəsdirir”.

Heydər Əliyevin zamanında əkdiyi Nizami rayonundakı ağacların məhv edilməsi
Heydər Əliyevin zamanında əkdiyi Nizami rayonundakı ağacların məhv edilməsi

F.Nəcəfov sual edir ki, məgər Arif Qasımov, Hacıbala Abutalıbov, ekologiya naziri Hüseynqulu Bağırov mərhum Heydər Əliyevdən çox bilirdilər:

“Məgər mərhum istəsəydi həmin dövrdə bu ərazidə ticarət obyekti tikdirə bilməzdi? Əlbəttə ki, onun yaşıllıqlara olan münasibəti ilə Arif Qasımov və şəriklərinin münasibəti daban-dabana ziddir. Ulu öndərin sözləri ilə desək, “bir ağacı əkib böyütmək bir övladı böyütmək qədər çətindir.

Makim Qorkinin, Mayakovskinin sözlərini yada salın, Bakıda o dövrdə ağaclar yox idi. Ancaq biz Bakını yaşıllaşdırdıq”.

Buyurun, Ulu öndərin yaşıllaşdırdığı əraziləri indi doğrayırlar, Bakının ağ ciyərini zəhərləyirlər”.

F.Nəcəfov tələb edir ki, təcili olaraq ağaclar yerinə bərpa olunsun, hasarlar sökülsün, sakinlər əvvəlki kimi ordan rahat istifadə etsinlər, bu işdə günahı olan şəxslər məsuliyyətə cəlb olunsun.