Emil/AzEuroNews.com/ Bakı ► ► ►  Sabirabad rayon Təhsil Şöbəsinin keçmiş müdiri Elman Bünyadovun oğlu, leytenant-zabiti Amil Bünyadov Prezident Administrasiyasının qarşısında özünü yandırmağa cəhd edib.

AzEuroNews.com-un məlumatına görə, səbəb atasını vəzifədən uzaqlaşdırandan sonra anası Vəfa Bünyadovanı da 9 saylı orta məktəbin direktor əvəzi vəzifəsindən azad etmələri olub.

Sabirabad rayon icra hakimiyyətinin başçısı Nazim İsmayılov
Sabirabad rayon icra hakimiyyətinin başçısı Nazim İsmayılov

E.Bünyadov prezidentə müraciətində bunları açıqlamışdı: “2010-2016-cı illərdə Sabirabad rayon Təhsil Şöbəsinin müdiri vəzifəsində işləmişəm.

2012-ci ildən rayon rəhbərliyinin təkidi ilə gördüyüm işlər barədə sübutlarla sizə məlumat verirəm. Xatirladım ki, 4000 min manatdan aşağı olan işləri yazmıram.

  1. Bakı şəhərində məlum yanğın hadisələrindən sonra H.Əliyev prospektində 19 saylı yaşayış binasının üzlüklərinin dəyişdirilməsi üçün – 28000 manat (sübut, orada işləyən fəhlələr);
  2. Heydər Əliyev Mərkəzinin tikintisi üçün – 16000 manat (sübut, mərkəzin tikintisi zamanı işləyən fəhlələr);
  3. H.Həmidov küçəsində yeni inşa edilmiş 3 saylı uşaq bağçasının və S.Vurğun adına şəhər 3 №-li məktəbin ön hasarlarının tikintisi üçün – 22000 manat;
  4. 20 Yanvar küçəsinin asfalt örtüyünün yendən qurulması üçün – 18000 manat;
  5. H.Əiyev prospektində 6 saylı yaşayış binasının üzlüyünün sökülməsi üçün – 6000 manat;
  6. Rayon İcra Hakimiyyətinin başçısına avtomobil alınması üçün – 5200 manat;
  7. Rayon Mədəniyyət Evinə kondinsionerlərin alınması üçün – 4400 manat;
  8. Qasımbəyli kənd tam orta məktəbinin döşəmələrinin dəyişdirilməsi üçün – 12500 manat;
  9. Kürkənd kəndi ərazisində hasarların çəkilməsi üçün – 11500 manat;
  10. Əsgərbəyli kənd tam orta məktəbinin hasarının çəkilməsi üçün – 13000 manat;
  11. «ASAN XİDMƏT» mərkəzinin tikintisi üçün – 7500 manat;
  12. Heydər Həmidov küçəsində fərdi yaşayış evlərinin hasarlarının dəyişdirilməsi üçün – 4400 manat;
  13. H.Əliyev adına Parkda fontanın yendən qurulması üçün – 5000 manat;
  14. Dörd il müddətində Novruz bayramının, eləcə də Yeni il şənliklərinin H.Əliyev parkında keçirilməsi zamanı – 4000 manat;
  15. Sabirabad rayonunun 80 illik yubileyi ilə əlaqədar keçirilən tədbirə – 8000 manat pul xərcləmişəm.

Xüsusi olaraq qeyd edirəm ki, bütün bu görülən işlərin pulunu ödəmək üçün Milli Ordumuzun zabiti olan oğlumun Bakı şəhərindəki evini, maşınını, eləcə də öz evimi və maşınımı satmışam.

Onu da vurğulamaq istəyirəm ki, Sabirabadda yeganə məmur olmuşam ki, oğlum Milli Ordunun zabiti olub və dəfələrlə döyüşlərdə iştirak edib”.