Rusiya kosmosa göndərdiyi Meteor-M №2-1 peykiylə əlaqəni itirib.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı Rusiyanın Kosmik Fəaliyyətlər üzrə Dövlət Şirkəti yayıb. Şirkət peykin nəzərdə tutulan orbitə çıxmadığını bildirib.

Qeyd edək ki, Rusiya bu gün “Vostoçnıy” kosmodromundan “Soyuz 2.1b” raket daşıyıcısını kosmosa buraxıb. Raket daşıyıcısı kosmosa 19 peyk aparıb. Bu peyklər içərisində ən böyüyü Rusiyaya məxsus Meteor-M №2-1 olub. Digər 18 ədəd kiçik ölçülü peyk isə Rusiya (1 ədəd), Kanada (1), Norveç (1), Yaponiya (1), İsveç (1), ABŞ (12) və Almaniyaya (1) aid olub.

Meteor-M №2-1 peyki Meteor-3M kosmik kompleksinin 3-cü aparatıdır. Bu kompleks qlobal hidrometeoroloji informasiyaların əldə olunması, ozon qatının və kosmik məkanda radiasiya şəraitinin nəzarətdə saxlanılması üçün nəzərdə tutulub.