Zeytun yağı sağlam qida məhsulu kimi bütün dünyada geniş istifadə olunur. Bu yağın faydalarından bəhrələnmək üçün ən əsas şərtlərdən biri onu alarkən seçimi düzgün etməkdir.

Modern.az saytı mövzu ilə bağlı yazını təqdim edir.

Hazırda satışda müxtəlif növlərdə zeytun yağları təqdim olunur. Bəs zeytun yağı alarkən nələrə diqqət yetirilməlidir?

Vitrinlərə qoyulan zeytun yağlarının iki növü daha çox üstünlük təşkil edir.

Üzərinə “Virgin” yazılmış zeytun yağı fiziki üsulla sıxılan, ən yaxşı və ən təbii, çiy halda istifadə edilən məhsul sayılır. Bu yağ salatların, sousların, yeməklərin üzərinə əlavə etmək üçündür.

Üzərinə “Extra virgin” yazılan zeytun yağı Virgin kateqoriyasına aid olan ən keyfiyyətli yağdır. Bu yağ maksimum 27 dərəcə temperaturda alınır. Turşuluq dərəcəsi 1 faiz təşkil edir. Bu yağ da çiy halda istifadə edilmək üçündür.

Üzərinə “Refinado” yazılmış zeytun yağı rafinə edilmiş, saflaşdırılmış məhsuldur. Bu yağların sənaye emalı vasitəsi ilə dad keyfiyyətləri yaxşılaşdırılır, ləzzəti artırılır və turşuluq nisbəti aşağı salınır. Rafinə edilmiş zeytun yağı xörəkləri bişirmək, qızartmaq üçündür.

Əgər zeytun yağını xörək hazırlamaq üçün alırsınızsa rafinə edilmiş zeytun yağını seçmək məsləhətdir. Onun yanma temperaturu 240-270 dərəcədir. Çiy istifadə üçün isə Virgin kateqoriyasından olan yağlara üstünlük verilməlidir.

Əgər zeytun yağının üzərində “mix” sözü varsa bu məhsulda qarışıqların çox olduğu deməkdir. Təbii və təmiz yağın üzərində “Naturel” yazılır.

Yalnız bu seçimi düzgün etdikdə zeytun yağının faydalarından tam bəhrələnmək olar.

Hər iki halda zeytun yağının orqanizm üçün faydaları saysız-hesabsızdır. Bu yağın cəmisi 10 faydasını saymaq kifayətdir:

1. Zeytun yağı insanı orqnizmdə müxtəlif xəstəliklər yarada biləcək zərərli maddələrdən xilas edir.

2. Öz zəngin tərkibinə görə zeytun yağı güclü antioksidantdır.

3. Ürək, qan-damar xəstəlikləri üçün olduqca faydalı sayılan zeytun yağı, həm də qan təzyiqini normallaşdırır. Məlum olduğu kimi “pis” xolestrol ürək, qan-damar xəstəliklərinin yaranmasına səbəb olur. Zeytun yağındakı yağ turşuları doymamış yağ olduğuna görə onda xolestrol olmur. Buna görə o qandakı xolestrolu artırmamaqla yanaşı, həm də onu tənzimləyir.

4. Cinsi fəallığın artırılmasında zeytun yağı ən yaxşı təbii vasitədir.

5. Xərçəng xəstəliklərinin profilaktikası üçün zeytun yağı xeyirlidir.

6. Zeytun yağının tərkibindəki E, A, D və K vitaminləri uşaqların və yeniyetmələrin sümüyünün inkişafına müsbət təsir göstərir.

7. Böyrəklərdə yaranan xırda daşlardan qurtulmaq üçün zeytun yağı olduqca faydalıdır. Bunun üçün zeytun yağını isti su ilə qarışdırıb qəbul etmək lazımdır.

8. Zeytun yağı həzm prosesini yaxşılaşdırır, mədə və bağırsaqların fəaliyyətini gücləndirir, mədə turşuluğunu azaldır.

9. E vitamini ilə zəngin olduğuna görə dərini təravətli saxlayır, vaxtsız qırışların yaranmasına mane olur.

10. Zeytun yağının ən faydalı xüsusiyyətlərindən biri qaraciyərin fəaliyyətinə müsbət təsiridir.

Nəzərə alınmalıdır ki, zeytun yağı nə soyuducuda, nə də mətbəxdə açıq yerdə saxlanılmamalıdır. Qaranlıq və sərin yerdə saxlamaqla zeytun yağının keyfiyyətlərini uzun müddət qorumaq olar.

Zeytun yağı alarkən istifadənizə uyğun seçiminizdə diqqətli olun və sağlamlığınızı bu faydalı qida məhsuluna etibar edin.