Emil Salamoğlu/AzEuroNews.com/Bakı ► ► ►Yanvarın 1-dən Azərbaycana idxal edilən avtomobillərin gömrük rüsumunun artırılacağı xəbəri maşın bazarında fantastik bahalaşmaya səbəb olub.
AzEuroNews.com olaraq Badamdarda yerləşən Bakı Avtomobil Satış Mərkəzindən reportaj hazırlayarkən bunun şahidi olmuşuq.

► “İkinci əl” necə lider oldu?
Paytaxtın ən böyük maşın satışı mərkəzində “ikinci əl”, yəni işlənmiş avtomobillərin qiyməti qalxıb.
Maşın alqı-satqısı sektorunda durğunluq hökm sürsə də, qiymətlər yenə də artmaqdadır. Bazara maşın gətirənlər deyirlər ki, alıcılıq qabiliyyəti aşağı düşüb.
Ancaq idxal rüsumunun qalxması və yanacağın bahalaşması maşın bazarını silkələyib. Əsasən də mühərriki 1.4, 1.6 olanların qiymətində bahalaşma var.
Çünki yanacaq sərfiyyatı az olan maşınlara tələbat çoxalıb. Ona görə də 2.0, 2.5, 3.5 motora malik maşınlar satış mərkəzində aylarla yeni sahibini gözləməkdədir.
Maşın almaq istəyənlər də, maşın satanlar da məhz yanacağa qənaət edən avtomobillər axtarışındadırlar. Nəticədə bazarda işlənmiş və motoru 1.8-ə qədər olanların qiyməti yüksəlib.
Üstəlik, gömrük rüsumlarının qaldırılması bir tərəfdən Azərbaycana xaricdən gətirilən maşınların sayının azalmasına səbəb olacaqsa, digər tərəfdən indidən qiymətləri birə beş artırıb.
Bazarda söhbət etdiyimiz avtomobil sahibləri deyirlər ki, Aİ-92 benzinin 1 manat olacağı dəqiqdir və yaxın aylarda artıma gediləcək. Odur ki, əksəriyyət işlənmiş və “benzin iyləyən” maşın axtarır.
Hər həftə maşınını bazara gətirən Kamal Nəcəfov deyir ki, 2014 istehsalı olan “Mazda”sını sata bilmir. Alıcılar ona yaxın getməyə belə qorxurlar.


► Avtomobil salonlarında “məzarıq sükutu”

Ondan başqa, avtomobil salonlarında kreditlə maşın satışı demək olar dayandırılıb. Təzə maşın almaq istəyənlər isə ilkin ödəniş olaraq 50 faiz verməlidirlər.
Bu da indiki iqtisadi şəraitdə heç kəsə əl vermir. Avtomobil salonlarında “məzarıq sükutu” müşahidə olunur.
Maşın bazarında işləyən dəllallar isə deyirlər ki, əsl həngamə qabaqdadır. Yanvardan idxal rüsumu artmaqla ölkə ərazisində olan “ikinci əl” maşınların yeni bahalaşma dalğası baş verəcək.
Üstəlik, idxalda azalma müşahidə olunacaq. Bazara xaricdən maşın gətirilməsi azaldıqca yerdə qalanların qiyməti qalxacaq.


Hazırda mühərrikin silindrlərinin işlək hissəsinin həcmi 1500 kubsantimetrdən çox, lakin 1800 kubsantimetrdən çox olmayan təzə minik avtomobilləri üçün idxal rüsumu 0,40 dollardır.
Amma istismar olunmuş belə avtomobillərin mühərrikinin həcminin hər 1 kubsantimetri üçün 0,70 dollardır.
Yeni qərara görə, təzə minik avtomobilləri üçün idxal gömrük rüsumu 0,70 dollar, istismar olunmuş belə avtomobillərin isə 1,2 dollar olacaq.

► Bəs, hazırda qiymətlər konkret olaraq necədir? Bu suala cavab almaq üçün maşın bazarında olarkən əldə etdiyimiz məlumatlar əsasında hazırladığımız cədvəli təqdim edirik:

1980 Niva 2500 manat
2012 Kia Optima 24 000 manat
2003 Hundai Accent 6500 manat
2012 Chevrolet 20 000 manat
1997 Mercedes 180 – 8000 manat
2008 Nissan Tida – 10  000 manat
2013 Hundai Sonata – 22 500 manat
2011 BMW 728  – 11 500 manat
2013 Lada Priora – 10 000 manat
2000 Niva – 4500 manat
2002 Mitsubishi Pajero – 14 000 manat
1992 Volvo – 6500 manat
2003 Mercedes Panorama – 14 400 manat
2017 Niva – 13 000 manat
2005 İnfiniti – 22 000 manat
2014 Kia Rio – 17 500 manat
2008 Toyota Corolla – 14 800 manat