“Xırdalan-Xəz” ASC Direktorlar Şurasının sədri Akif Rəhimov
“Xırdalan-Xəz” ASC Direktorlar Şurasının sədri Akif Rəhimov

Yunis Cəfərov/AzEuroNews.com/Bakı ► ► ► Bayraq Meydanı yaxınlığında piyada Könül Əkbərovanı vurub öldürən Az 90 FO 007 nömrə nişanlı avtomobilin sürücüsü, 17 yaşlı Rəhim Rəhimov deputatlığa keçmiş namizəd, “Xırdalan-Xəz” ASC Direktorlar Şurasının sədri Akif Rəhimovun oğlu imiş.
AzEuroNews.com xəbər verir ki, həyat yoldaşı Şuşada gedən döyüşlərdə şəhid olmuş 1975-ci il təvəllüdlü Könül Əkbərova noyabrın 8-də avtoqəzada öldürülüb.
Bu haqda ilk məlumatı criminal.az yazıb. Saytın xəbərinə görə, A.Rəhimov 2015-ci ildə keçirilən parlament seçkiləri zamanı namizədliyini irəli sürüb.
Bu məlumatın ardınca internet resurslarında millət vəkilliyinə sabiq namizədin təbliğat-təşviqat video çarxını da tapmışıq.
Bu videonu təqdim etməzdən əvvəl qeyd edək ki, K.Əkbərovanın anası Bəsti Qədimova qızının məhz Rəhim tərəfindən vurulduğunu iddia edib.

Bəsti Qədimova
Bəsti Qədimova

Onun sözlərinə görə, sürücü qaçmayıb qızını xəstəxanaya çatdırsaydı, bəlkə də sağ qalardı.
3 uşaq anası olan qadın hadisə yerində keçinib. K.Əkbərovanın anası Bəsti Qədimovanın mətbuata israrlı müraciətlərindən sonra R.Rəhimov saxlanılıb.
Qəzadan ötən 20 gün ərzində hüquq mühafizə orqanları şəhidin həyat yoldaşına sürücünü müəyyən edə bilmədiklərini deyirdilər.
Mətbuatda şəhid xanımının müraciətlərindən sonra Rəhimin yeri bilinib və o, saxlanılıb.
B.Qədimova demişdi ki, qızını vuran sürücünün idarə etdiyi maşın da daxil olmaqla, 3-4 maşın Salyan şosesində yerləşən “Manqal” restoranına gedirmişlər: “Bunlar dövlətlilərin uşaqları olub, ad gününə, yeyib-içməyə gedirmişlər.

1511861890_09-1
Qəzanı törədib və maşını orada qoyaraq qaçıb. Qızıma yardım etməyiblər, xəstəxanaya aparmayıblar”.
A.Rəhimovun adı bundan əvvəl də mediada xoşagəlməz hadisələrdə keçib. 2016-cı ilin dekabrında faciəvi şəkildə həlak olan Muxtar Əsgərov “Xırdalan-Xəz” Açıq Tipli Səhmdar Cəmiyyətində usta işləyirmiş.
Ailəsi M.Əsgərovun müqaviləsiz işlədiyi “Xırdalan Xəz” ATSC-nin dəri anbarının damını təmir etdiyi zaman cərəyan vurması nəticəsində həlak olduqdan sonra şirkət tərəfindən ödənilməli olan kompensasiyanı ala bilmədiklərindən şikayətlənmişdilər.
Sabiq namizədin qardaşı isə “Yeganə Mamed” kimi tanınan, uzun illər “Yeganə” şadlıq sarayını işlədən Mamed Rəhimovdur. O, yaşadığı problemlər üzündən 2011-ci ildə ölkədən gedib.