Havalar soyuyan gündən dəm qazı can almağa davam edir. Maraqlısı burasındadır ki, yay aylarında dəm qazından zəhərlənmə, ölüm halı baş vermir. Ancaq qış gələn kimi, demək olar ki, hər gün bir və ya bir neçə nəfərin dəm qazından boğulması, hətta ölməsi xəbərini alırıq.

Bir çoxları yay aylarından fərqli olaraq, tələbat artdığı üçün qışda qaza müdaxilələr edildiyini, əlavə maddələr vurulduğunu iddia edir. Ekspertlər isə bu cür neqativ halların baş verməsinə səbəbin qazdan düzgün istifadə edilməməsinin olduğunu deyir, həmçinin bu cür ölüm hallarının artmasına səbəb kimi ölkəmizə gətirilən qaz sobaları, su qızdırıcıları göstərilir.

Ölkəmizə İran, Türkiyədən gətirilən və kustar üsulla hazırlanan qaz sobalarının standartlara uyğun olmadığı üçün qatilimizə çevrildiyi də səsləndirilən fikirlər arasındadır.

AzEuroNews.com Musavat.com-a istinadən xəbər verir ki, “Azəriqaz”ın mətbuat xidmətinin rəhbəri İbrahim Kərbəlayev  açıqlamasında qazın tərkibinin dövlət standartına uyğun tənzimləndiyini və xüsusi laboratoriyalarda yoxlanıldığını bildirib: “Qazın tərkibi təmizdir, içində hər hansı zəhərli bir maddənin olmasından söhbət gedə bilməz”.

İ.Kərbəlayev əlavə edib ki, sadalanan texniki parametrlərə əməl olunsa, hər hansı bədbəxt hadisənin baş verməsi mümkün deyil.

Qeyd edək ki, son vaxtlar əhali qazın təzyiqinin həddən artıq aşağı düşməsindən, evləri isitmədiyindən şikayətlənir. Belə olan təqdirdə isə bir çoxu evdə hətta dörd göz qaz sobalarına belə müdaxilə etmək məcburiyyətində qalırlar. Bu da təhlükəyə zəmin yarada biləcək səbəblərdən birinə çevrilir. Ancaq problem kökündən həll edilmədiyi üçün insanlara başqa çarə qalmır.

Biz də qatilimizə çevrildiyi iddia edilən qaz sobalarının haradan gətirildiyini, qiymətini və standartlara nə dərəcədə cavab verib-vermədiyini öyrənmək üçün “Vasmoy bazarı” kimi tanınan “8-ci kilometr” bazarına üz tutduq. Burada daha çox İrandan gətirilən qaz sobalarına rast gəldik. Satıcılar elə ən yaxşı sobaların da İran sobaları olduğunu deyirlər. Ancaq bununla yanaşı, Türkiyə və kustar üsulu ilə hazırlanan və “ceyran” peçlərini xatırladan sobalar da var idi. Onların qiyməti isə ölçüsündən asılı olaraq 100-300 manat arasında dəyişir.

Soba satıcısı Vüqar Abdullayev deyir ki, İrandan gətirilən peçlər alıcılar tərəfindən gətirilərək deşiyi genişləndirilir: “Peçlərin hamısı İrandan gəlib. Məndə olan sobaların qiymətləri 170, 230, 250 və 300 manat arasındadır. Sobaların alıcıları var, amma elə siz deyən çox alan yoxdur. Biz dəmirdən özümüz də düzəldirik. Bu, nisbətən ucuz başa gəlir. İran sobaları oranın qaz təzyiqinə uyğun hazırlanıb. Bildiyim qədərilə, İranda qazın yanması üçün normal təzyiq 178 millimetrdir. Amma bizim şəbəkədə o qədər təzyiq yoxdur. Bizdə optimal təzyiq 130 millimetr götürülür. Buna görə də çox vaxt bu sobalara müdaxilə edirlər ki, istiliyi ala bilsinlər. Təbii ki, bu yolverilməzdir. Amma əhalini də qınamaq olmaz.

Onlar soba alır ki, soyuq qış günündə evləri isinsin. Azərbaycan öz qaz standartına uyğun olaraq soba istehsalına başlasa, daha yaxşı olar. Sadəcə olaraq bu sobalardan istifadə zamanı diqqətli olmaq lazımdır”.

Qeyd edildiyi kimi, qaz sobalarına müdaxilə edilib deşiyi böyüdülərsə, bu çox təhlükəli ola bilər. Bu zaman yanma prosesi pozulur, karbon 4 oksid əvəzinə, karbon 2 oksid – dəm qazı ayrılır ki, bu da zəhərlənməyə zəmin yaradan bir səbəbdir. Bundan başqa zəhərlənmələr hamam otağında da çox baş verir. Mütəxəssislər bildirirlər ki, qaz kolonkaları vanna otağında elə qurulmalıdır ki, 1 saatda havanı 3 dəfə dəyişə bilsin. Tüstü tamamilə bayıra ötürülməlidir. Tüstü bacasının boruları damın üstündən yarım metr hündürdə qoyulmalıdır. Qapının aşağısında isə deşiklər olmalıdır. Bütün bunlara əməl etməyəndə bayıra ötürülməli olan dəm qazı içəri ötürülür və oradakı adamı zəhərləyir. Bundan başqa tüstü bacalarının diametri işlətmə gücündən asılı olaraq, 100 millimetrdən 150 millimetrədək olmalıdır.

Maraqlıdır, evimizə qış aylarında dəm qazı vasitəsilə daxil olan əcəlin qarşısını necə ala bilərik? Bunun əsas qaynağı nədir, qazın tərkibi, qaz peçləri, diqqətsizlik yoxsa tamamilə başqa səbəblər var?

Azad İstehsalçılar Birliyinin sədri Eyyub Hüseynov qaz sobalarının standarta uyğun gətirildiyi, ancaq verilən qazın standarta uyğun olmadığını dedi: “O cümlədən İrandan gətirilən sobalar da standarta uyğundur. Sadəcə olaraq Azərbaycan qazı o sobaların standartına uyğun gəlmir. Qazın təzyiqi aşağıdır, ona görə də sobalara məcbur olurlar ki, müdaxilə etsinlər. Orada dəliyi genişləndirirlər və beləcə standartdan kənarlaşdırılır. Məsələn, şəhərin mərkəzi olan Nizami-100 ünvanından mənə şikayətlər gəlib ki, neçə ildir burada qazın təzyiqi aşağıdır. Əhali məcburdur ki, qaz cihazlarına, dördgözlərə müdaxilə etsin. Kolonkalar yanmır. Düşünürəm ki, problem qazın keyfiyyətindədir. Əlbəttə, yanğınların səbəbi istehlakçıların onların evinə girib dost olmuş əcəl barədə xəbərsiz olmasındadır. Əhalinin çoxu şəhərin mərkəzi yerlərində kirayədə qalır. Qazdan istifadə bacarıqları yoxdur. Ölkənin əmtəə bazarında külli miqdarda standartlara uyğun olmayan kabel satılır. Bu kabellərdən də yanğınlar baş verir. Bütün bunlar kompleks həll olunmalıdır. Çox təəssüflər olsun ki, bu qədər insan ölümü ilə müşahidə olunan məsələlərdən Fövqəladə Hallar Nazirliyi, “Azəriqaz” kənarda durur. İstehlakçılarla bağlanan müqavilələrdə “Azəriqaz”, yəni təchizatçı üzərinə heç bir məsuliyyət götürmür. Yalnız istehlakçının borcudur və təchizatçının da heç bir məsuliyyəti yoxdur. Əlbəttə, belə yerdə cinayət baş verir”.