► ►►  Son aylarda Almaniyada fəaliyyət  göstərən “Legat” inteqrasiya mərkəzinə “Jugendamt” nədir,  hansı fəaliyyətlə məşğul olur, uşaqlar hansı hallarda və hansı müddətdə valideynlərdən alına bilər,  uşaqlara zorakı münasibətə görə hansı cəza mövcuddur və s. suallarla  xeyli müraciət daxil olub. Sözü gedən mərkəz bu mövzu ilə bağlı maraqlı bir araşdırma aparıb. AzEuroNews.com həmin araşdırmanı sizlərə təqdim edir:

“Jugendamt” – Almaniyada uşaqlar və gənclərlə iş üzrə İdarənin məqsədini və fəaliyyətini aydınlaşdırmamışdan öncə alman qanunvericiliyində uşaqlarla bağlı qanunları bilmək faydalı olar.

z1wch3akh91h9rdbuv94mgy9dk6tr99j

Qanunvericiliyə görə, valideynlər yetkinlik yaşına çatana qədər uşaqların qayğısına qalmalıdırlar. Valideynlər uşaqları maddi cəhətdən təmin etməli, müdafiə etməli, zəruri hallarda onları məhkəmələrdə və digər dövlət orqanlarında təmsil etməlidir. Bununla yanaşı, qanunvericilik valideynlərə uşağı təhqir etmək və onunla zorakı rəftar etməyi qadağan edir. Uşağı qəsdən, bilərəkdən və ya bilməyərəkdən heç kim təhqir edə və döyə bilməz.  Uşaqla yüksək tonla danışmaq qadağandır. Uşağı döymək qəti qadağandır. Belə hallarda valideyn cinayət məsuliyyətinə cəlb edilir, hətta azadlıqdan məhrum edilir.  Uşağı döymə faktına görə şəxs valideynlik hüququndan da məhrum edilə bilər.

Mütəxəssislərin hesablamalarına görə, Almaniyada uşağın normal yaşaması üçün valideyn hər ay üçün orta hesabla  580 avro pul xərclənməlidir.  Beləliklə, yetkin yaşına çatana qədər valideyn hər uşağa orta hesabla indiki vaxtda  200.000 avro xərcləyir. Göründüyü kimi, uşağı böyütmək üçün Almaniyada maliyyə məsələsinə ciddi önəm verilir.

Almaniyada statusundan və gəlirindən asılı olmayaraq, ailədə 1 və  2-ci uşaqlara  194  avro,  3-cü uşağa 200 avro, 4-cü uşaq olduqda 225 avro uşaq pulu ödənilir (bu 2018-ci il yanvar ayının birindən tətbiq olacaq artım nəzərə alınmaqla). 18 yaşı tamam olmuş uşaq əgər təhsilini davam etdirirsə, ödəniş davam edə bilər.

14 yaşına çatmış uşaqlar əksər məsələlərdə öz fikirlərini sərbəst ifadə etmək hüququ əldə edirlər. Boşanan valideynlərindən hansı ilə yaşamaq barədə qərar qəbul edirlər, övladlığa verilmə zamanı onların fikirləri əsas rol oynayır.

Müstəsna hallarda,  16 yaşda uşaqlar nikaha daxil ola bilərlər. Almaniyada 18 yaşı tamam olmuş şəxslər müstəqil məsuliyyət daşıyır. O, bütün siyasi hüquqları, məhkəmə proseslərində iştirak etmək, müqavilələr bağlamaq hüququnu əldə edir.

►►   Jugendamt nədir?

Jugendamt

“Jugendamt” – Almaniyada uşaqların tərbiyəsinin təşkilinə və hüquqlarının təmin edilməsinə məsul olan təşkilatdır. Azərbaycanlıların və keçmiş SSRİ məkanına daxil olan ölkələrin Almaniyada yaşayan vətəndaşlarının ən çox narazı olduqları və “Almaniyanın ən kobud dövlət qurumu”  adlandırdıqları təşkilat məhz bu təşkilatdır. Almaniyada hər bir şəhərdə bu təşkilatın nümayəndəlikləri var və həmin təşkilat  aşağıdakı vəzifələrə malikdir:

►  Uşağın tam və hərtərəfli inkişafını təmin etmək;

► Gənclərə sosial yardımlar göstərmək;

► Uşaqların hüquqlarını müdafiə etmək;

► Gənc ailələrə dəstək vermək;

► Ağır vəziyyətdə olan valideynlərə uşaqların tərbiyəsinin təşkilində dəstək olmaq;

► Uşaqların tərbiyəsinin təşkili üçün gündəlik uşaq müəssisələri təşkil etmək;

► Uşaqların tərbiyəsinə dəstək olmaq.

 

Səlahiyyətlərinin icrası üçün “Jugendamt” aşağıdakı fəaliyyətləri həyata keçirir:

 

► Yerli hakimiyyət orqanlarının bazasında müxtəlif regional dərnəklər, seksiyalar, gənclər təşkilatları təsis edir;

► Yuxarı sinif şagirdlərinin peşə və ixtisas seçiminə dəstək vermək üçün məlumatlandırma kompaniyaları aparır;

►  Sağlam həyat tərzinin təşkili üçün uşaqlar arasında davamlı maarifləndirmə işləri aparır;

► Gənc valideynlər üçün uşağa xidmətlə bağlı kursların təşkilini həyata keçirir;

► Uşaqlarla konfliktlərin həlli ilə bağlı təlimləri təşkil etmək, konfiliktlərin həllinə yardım edir;

► Körpələr evlərinin, uşaq bağçalarının, digər məktəbəqədər uşaq müəssisələrinin fəaliyyətinə nəzarət edir;

► Ailələrdə uşaqlarla olan problemlərin həlli qaydalarını planlaşdırır və icrasına nəzarət edir, mümkün olmadığı halda uşağın ailədən alınması haqqında qərar qəbul edir.

 

Hər kəs bu orqanı uşaqları ailələrdən alan orqan kim  tanısa da, əslində uşaqlı ailələrin  bu təşkilatın fəaliyyətindən kifayət qədər faydalanması mümkündür. Göründüyü kimi uşağın ailədən alınması sonuncu tədbirdir və bunun baş verməməsi və uşaqlı ailələrə yardım üçün bu  orqan daha çox fəaliyyət göstərir.

►►► Almaniyada uşaq döymək

cocuk-dovmek-baba-sli

Almaniyada uşaq döymək qəti qadağandır və cinayət məsuliyyətinə səbəb olan əməldir. Qanun uşağın  tərbiyəsinin zor tətbiq etmədən həyata keçirilməsini tələb edir. Bədən xəsarəti, psixi təzyiq və insan ləyaqətini alçaldan digər hərəkətlərə yol verilməsi qadağandır. Belə hadisə baş verərsə, uşağın ailədən alınmasına zərurəti yarana bilər. Bu məsələ ilə “Jugendamt”  məşğul olur və ailəni nəzarətə götürür. Mədəniyyətlərin və adətlərin müxtəlifliyi kimi bəhanələr qeyd olunan hallarda Sizə kömək edə bilməz.  Qanunu bilməmək də kimisə məsuliyyətdən azad etmir.

►►► Uşağı nə zaman tək qoymaq olar?

Qanuna görə, valideyn uşağı gözlənilən bütün təhlükələrdən qorumağa borcludur. Valideyn uşağı evdə tək qoyan zaman və ya onun harasa tək getməsinə qərar verən zaman uşağın davranışına və özünə zərər verməyəcəyinə tam əmin olmalıdır. Almaniyada Azərbaycandan fərqli olaraq uşaqların küçələrdə nəzərətsiz gəzməsinə nadir hallarda təsadüf etmək olar. Valideynlər tərəfindən Azərbaycanda olduğu kimi uşaqların müxtəlif  təsərrüfat işlərinə cəlb  olunması hallarına rast gəlmək isə ümumiyyətlə mümkün deyil.  Almaniyanın “Jugendamt” kimi təşkilatı Azərbaycanda olsaydı, valideynlərin əksəriyyətini uşaq əməyinin istismarı faktına görə cinayət məsuliyyətinə cəlb edərdi.

►►► Uşaqların şikayəti

Almaniyada uşaqlar valideynlərindən şikayət edə bilərlər və Azərbaycandan fərqli olaraq, belə şikayətlərə çox ciddi və təxirə salınmadan reaksiya verilir və baxılır. İbtidai məktəbdən başlayaraq, uşaqlara valideynlərdən necə şikayət etməyin qaydaları izah edilir, “Jugendamt”ın qaynar xətt nömrəsi məktəblərdə paylanılır.

► ► ►  Jugendamtla problem

Almaniyada “Jugendamt”la heç bir problemi olmadan yaşamaq üçün valideyn  uşağını döyməməli və  nəzarətsiz buraxmamalı,  uşağı zəruri olan ərzaqla, geyimlə, sağlam yaşamaq üçün şəraiti olan yaşayış yeri ilə və təhsillə təmin etməlidir. Bu şərtlərdən hər hansı birinin icra olunmamağı mütləq “Jugendamt”la problemin yaranmasına səbəb olacaq. “Jugendamt”la problemə səbəb olan digər hallar da mövcuddur. Buna valideynin  spirtli içkidən və ya narkotik vasitədən asılı vəziyyətə düşməsi, valideynin ağır cinayət törətməsi və s. hallar hesab edilir.

►►► Almaniyada  Jugendamt uşağı nə vaxt ala bilər?

titel1-34

Qanuna görə, uşağın ailədən alınması müstəsna təsir tədbiri hesab edilir. Uşağın dərhal və ya birinci müdaxilədən alınması yalnız uşağın sağlamlığına ciddi təhlükə olduğu halda  və ya uşağın müraciəti olduğu hallarda baş verir. Bu halda, uşağın geri, yəni  ailəyə qaytarılması uzun müddət çəkir və ya ümumiyyətlə, mümkün olmur.

Ailədə uşaqla valideyn arasında problem yaranıbsa, birinci sosial işçilər valideynlərlə söhbətlər aparır və vəziyyəti bərpa etməyə çalışırlar. Bu müddətdə “Jugendamt”ın məmurları bir neçə dəfə evə gözlənilməz səfər edirlər və araşdırma aparırlar. Bu səfərlər zamanı evdə uşağın tərbiyəsinin təşkilinə normal şəraitin olub-olmamasını dəqiqləşdirirlər. Gözlənilməz səfərlər vaxtı valideynlər “Jugendamt”ın əməkdaşlarını inandırmalı  və uşaqların tərbiyəsinin təşkilinə normal şəraiti yaratdıqlarına əmin etməlidirlər. Yalnız bundan sonra həmin uşaqların geri qaytarılması mümkündür.

Bəzi hallarda, “Jugendamt” ailəyə  kömək etmək üçün uşağı götürmək məcburiyyətində olur. Məsələn, uşağını tək böyüdən ana xəstələnibsə və onun xəstəxanada müalicəsinə zərurət yaranıbsa və uşağa baxmaq üçün digər qohumları yoxdursa, bu halda “Jugendamt” uşağa baxmaq üçün qərar verir.  Bu halda ehtiyatlı olmaq lazımdır, “Jugendamt”ın xidmətindən müvəqqəti istifadə olunması sənədləşdirilməlidir. “Jugendamt”a verilmiş uşağın sonradan geri alınması bəzən ciddi problemlər yaradır. Bu halda valideyn “Jugendamt”ı inandırmalıdır ki, onun xəstə olması uşağa problem yaratmayacaq, uşağa normal baxa biləcək, uşağın yaşaması və tərbiyəsi üçün heç bir problem olmayacaq.  Qanuna görə, “Jugendamt” əməkdaşı bu halda evin şəraitini qiymətləndirməli və evdəki şəraitin sığınacaqdakı şəraitdən daha yaxşı olması barədə qərar qəbul etməlidir. Evdəki şəraitin sığınacaqdan yaxşı və ya pis olması anlayışına gəldikdə isə, bu məmurun iradəsi ilə müəyyən edilir.

Məsələn, “Legat” inteqrasiya bürosuna yardım üçün müraciət edən bir soydaşımızın 3 uşağını 2011-ci ildən xəstəliyi ilə əlaqədar alıblar və bu vaxta qədər uşaqların geri alınması mümkün olmamışdır.

Bəzi hallarda mənzil normasının az olması da uşaqların həmin evdə yaşamasına şəraitin olmadığı kimi qiymətləndirilir və uşaqların alınmasına səbəb olur. Məsələn, 28 m2  mənzil sahəsi olan ailədə 4-cü uşaq doğulduqda “Jugendamt” mənzil şəraitinin yaxşılaşdırılmasına qədər uşaqları ala bilər.

Münaqişəli ailələrdə də uşaqların “Jugendamt” tərəfindən götürülməsi geniş yayılıb. Bəzi münaqişəli azərbaycanlı ailələri Avropanın başqa ölkələrində “Jugendamt” tərəfindən alınmış uşaqlarını ailəyə qaytarmaq üçün həmin ölkəni tərk edib Almaniyaya gəldiyi hallar da mövcuddur. Bu yaxınlarda isə Şimali Reyn-Vestfaliya əyalətində yaşayan bir münaqişəli azərbaycanlı ailəsi uşaqların alınma təhlükəsindən xilas olmaq üçün Azərbaycana qayıtmağa qərar vermişdir.

►►► Uşaq sığınacaqları

522225_1_fullheight_image_3d93b39db713f4a9

Almaniyada uşaq sığınacaqlarına hər il yuxarıda göstərdiyimiz səbəblərdən 40.000 nəfərdən çox uşaq ailələrdən götürülərək  gətirilir. Bəziləri təbii ki müəyyən müddətdən sonra ailəyə qaytarılır. Bu rəqəm hər il artan xətt üzrə davam edir. Ailədən alınmış uşaqlar əvvəl sığınacaqda, sonra isə uşaq evlərində yerləşdirilirlər. Uşaq evlərində uşaqların hərtərəfli böyüdülməsi üçün hər cür şərait yaradılıb. Uşaq evlərində olmuş uşaqlardan biri ilə söhbət zamanı o, oranın evlə müqayisədə daha yaxşı olmasını, valideynlərinin “mübahisəsi”ndən uzaq olmasını, dərslərə daha çox vaxt ayırma imkanının olmasını bildirdi.

   Jugendamta müraciət etməlimi?

Siz də bu təşkilatdan ailənizin və uşaqlarınızın inkişafı naminə faydalanmağa çalışın. Əgər övladınızla münasibətinizdə çətinlik yaşayırsınızsa, özünüzü köməyə ehtiyacı olan bir valideyn kimi hiss edirsinizsə, mütləq “Jugentamt”a müraciət edin. Sizin onlara müraciətiniz uşağınızın əlinizdən alınması demək deyil. Ümumiyyətlə, unutmamaq lazımdır ki, idarənin əsas məqsədi uşaqları ailələrdən alıb uşaq evlərinə vermək deyil, əksinə uşaqların öz ailələrində mümkün qədər yaxşı yaşaması və tərbiyəsinə çalışmaqdır. Uşağın ailədən alınması ən sonuncu mərhələdir.